Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi–Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd Mehdiyev Fəxrəddin Məhəddin oğlu 15 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarını mübahisələndirmiş, seçki dairəsinin bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş deputatlığa qeydə alınmış namizəd F.M.Mehdiyev müraciətində səsvermə günü 11 saylı Binəqədi–Qaradağ seçki dairəsinin 1, 5, 7, 24, 25, 26, 32, 33, 34 və 37 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, adları seçici siyahılarında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını, səsvermənin nəticələrinə dair protokolun 3-cü nüsxəsinin məlumat lövhələrində asılmadığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə 22 akt əlavə etmişdir.

İddia edilən pozuntularla əlaqədar olaraq namizəd F.M.Mehdiyevin şikayəti 11 saylı Binəqədi–Qaradağ seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək hüququ izah olunmuş, o, araşdırmada və Komissiyanın iclasında iştirakdan imtina etmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Mərkəzi Seçki Komissiyasında aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

İcraat prosesində müəyyən edilmişdir ki, namizəd F.M.Mehdiyevin səsvermə günü baş verdiyi iddia edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.

Qeyd edilənlər əsas götürülərək, ərizəçinin müraciəti əsassız olduğundan təmin edilməməli və dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi–Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd Mehdiyev Fəxrəddin Məhəddin oğlunun 15 sentyabr 2024-cü il tarixli 90 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 13 sentyabr 2024-cü il tarixli 29/86 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin