RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 91 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 63 saylı Hacıqabul–Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd Vahid Qulaməli oğlu Qocayev 2024-cü il sentyabrın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçki dairəsi dairə seçki komissiyasının 5 sentyabr 2024-cü il tarixli 33/103 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Müraciət araşdırılarkən müəyyən olunmuşdur ki, V.Q.Qocayev 2024-cü il sentyabrın 5-də qanun pozuntularının baş verməsi iddiası ilə 63 saylı Hacıqabul–Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, bununla bağlı dairə seçki komissiyası 5 sentyabr 2024-cü il tarixli 33/103 saylı qərarı ilə həmin müraciət şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan, onu təqdim etmiş şəxsə geri göndərmişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə əsasən, şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası müraciətin şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan, onu təqdim etmiş şəxsə geri göndərmək barədə qərar qəbul etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən də V.Q.Qocayevin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 91 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, dairə seçki komissiyasının 5 sentyabr 2024-cü il tarixli 33/103 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 63 saylı Hacıqabul–Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd Vahid Qulaməli oğlu Qocayevin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 sentyabr 2024-cü il tarixli 91 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 5 sentyabr 2024-cü il tarixli 33/103 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov