RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında
Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki dairələri üzrə səsvermənin yekunları barədə dairə seçki komissiyalarının qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada tərtib edilən protokolları müvafiq zəruri sənədlərlə birgə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə əsasən, sözügedən sənədlərin və seçkilərin ümumi yekunlarının müəyyənləşdirilməsi üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə olunmuş digər seçki sənədləri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə yoxlanılması işi başa çatdırılmış, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2-ci maddəsinə uyğun olaraq, seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu tərtib edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını zəruri sənədlərlə birgə yoxlayır və 24 saat müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir.
Beləliklə, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması məqsədilə qeyd edilən seçki sənədlərinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 86-cı və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 108.2-ci, 108.3-cü və 171-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilsin və seçkilərin yekunlarının yoxlanılıb təsdiq olunması üçün müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilsin.
2. Protokol dərc olunsun (Protokol əlavə edilir).
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov