Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 83 saylı müraciətinə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızı 11 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarını mübahisələndirmiş, seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş namizəd Y.T.Mahmudova müraciətində səsvermə günü 42 saylı Sumqayıt birinci seçki dairəsinin bütün seçki məntəqələrində kütləvi pozuntuların olmasını, səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, adları seçici siyahılarında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını, mübahisələndirilən qərarın əsaslandırılmadığını və dairə seçki komissiyasında onun müraciətinə baxılan iclasda iştirakının təmin olunmadığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə aktlar, elektron məlumat daşıyıcısında olan video və fotogörüntülər əlavə etmişdir.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

İddia edilən pozuntularla əlaqədar olaraq namizəd Y.T.Mahmudovanın şikayəti 42 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Mərkəzi Seçki Komissiyasında şikayətçi Y.T.Mahmudovanın iştirakı ilə aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Namizəd Y.T.Mahmudova tərəfindən təyin edilmiş bir sıra seçki subyektlərinin müxtəlif media subyektlərinə səsvermə və səslərin sayılması prosesi barədə müsbət fikirlər ifadə etmələrini, seçicilərin azad və sərbəst şəkildə səs vermələrini, seçkilər zamanı hər hansı qanun pozuntusuna rast gəlmədiklərini özündə əks etdirən müsahibələri də araşdırma materiallarına əlavə edilmişdir. Eyni zamanda namizəd tərəfindən təyin edilmiş məşvərətçi səs hüquqlu üzv imzaladığı aktda səsvermə günü müşahidə apardığı seçki məntəqəsində hər hansı qanun pozuntusunu müşahidə etmədiyini bildirmişdir.

Seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı aparılan icraatla müəyyən edilir ki, səsvermə günü 42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsi istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir.

Araşdırma ilə seçki dairəsinin 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsasların yarandığı müəyyən edilmişdir.

Beləliklə, Mahmudova Yasəmən Tağı qızının müraciəti qismən təmin edilməli, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarı 27 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməli, digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci və 170-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızının 11 sentyabr 2024-cü il tarixli 83 saylı müraciəti qismən təmin olunsun, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. 42 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 32/100 saylı qərarı 27 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr              Məzahir Pənahov

Katib             Arifə Muxtarova

Katib             Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin