RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 avqust 2024-cü il tarixli 23 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fərəcov Aqşin Akif oğlu 2024-cü il avqustun 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair həmin seçki dairəsi dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 18/58 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozul¬muş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd A.A.Fərəcov şikayətində iddia etmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, seçici imzaları olan imza vərəqələri və ona əlavə edilmiş müvafiq seçki sənədləri 2024-cü il avqustun 2-də dairə seçki komissiyasına təqdim edilmiş, lakin adına olan məhdud məsuliyyətli cəmiyyətin gəliri barədə bəyannamələrin təqdim olunmaması səbəbindən dairə seçki komissiyasının mübahisələndirdiyi qərarı ilə onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Dairə seçki komissiyası namizəd A.A.Fərəcovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun namizədin gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatların yoxlanılmasına dair rəyində onun 2024-cü ilin ilk 6 ayı üzrə muzdlu işdən gəlir əldə etdiyi müəyyən edilmiş və namizəd gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatları seçki sənədində düzgün göstərmədiyindən Seçki Məcəlləsinin 58.1.4-cü və 60.2.3-cü maddələrinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma ilə əlaqədar namizəd A.A.Fərəcov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. İşçi qrupunun 11 avqust 2024-cü il tarixli rəyindən məlum olur ki, həqiqətən də namizəd A.A.Fərəcovun öz gəlirlərinin miqdarı və mənbəyi barədə təqdim etdiyi məlumatda göstərmədiyi, lakin 2024-cü ilin ilk altı ayını əhatə edən dövr üzrə muzdlu işdən 2160,00 (iki min yüz altmış) manat məbləğində gəliri olmuşdur.
Seçki Məcəlləsinin 58.3-cü maddəsinə görə, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir.
Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasının qərarı heç də şikayətçinin iddia etdiyi kimi onun “adına olan məhdud məsuliyyətli cəmiyyətin gəliri barədə bəyannamələrin təqdim olunmaması səbəbindən” deyil, həmin qurumun rəhbəri kimi aldığı əməkhaqqı barədə məlumatı namizədin gəlirlərinin miqdarı və mənbələri barədə olan Qaydalara 1 saylı əlavədə “Əsas iş yerindən aylıq əməkhaqqı” bölümündə göstərməməsi əsas götürülərək qəbul olunmuşdur. Namizədliyin qeydə alınması üçün təqdim edilən sənədlərin qəbul edilməsinə dair 02 avqust 2024-cü il tarixli arayış nəzərdən keçirilərkən isə müəyyən olundu ki, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış da dairə seçki komissiyasına təqdim edilməmişdir.
Beləliklə, namizəd A.A.Fərəcovun öz gəlirlərinin miqdarı və mənbəyi barədə dairə seçki komissiyasına verdiyi məlumatların düzgün olmaması Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədliyin qeydə alınmasından imtina üçün əsasdır və dairə seçki komissiyası bu əsasla A.A.Fərəcovun namizədliyinin qeydə alınmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
Göstərilənlərə əsasən namizəd A.A.Fərəcovun 10 avqust 2024-cü il tarixli 23 saylı şikayəti əsassız olduğundan təmin edilməməli, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 18/58 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fərəcov Aqşin Akif oğlunun 10 avqust 2024-cü il tarixli 23 saylı şikayəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 18/58 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov