Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 avqust 2024-cü il tarixli 27 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi 83 saylı Beyləqan seçki dairəsi üzrə Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Vəliyev Əli Xanəli oğlu 10 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 17/40 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində iştirakı təmin edilmiş, Komissiyanın iclasına dəvət edilsə də, iclasa gəlməmişdir.

Dairə seçki komissiyası Ə.X.Vəliyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 8 avqust 2024-cü il tarixli 17/40 saylı qərarını onunla əsaslandırmışdır ki, toplanmış 500 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanılarkən bəzi imzaların düzgünlüyünün yoxlanmasına zərurət yarandığından xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından ayrılmış xətşünas ekspertlərin yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə rəyindən və işçi qrupunun protokolundan görünür ki, yoxlamaya təqdim olunan 10 ədəd imza vərəqəsində olan 500 imzadan 280 ədəd imza yoxlanılmış, həmin imzalardan 170 ədədi etibarsız hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.

Araşdırma prosesində namizəd Ə.X.Vəliyev tərəfindən təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olan seçici imzaları təkrarən digər xətşünas ekspertlər tərəfindən yoxlanılmış, imzalar üzrə əvvəl aparılmış ekspertizanın nəticəsi bir daha öz təsdiqini tapmışdır.

Həmçinin Ə.X.Vəliyevin dairə seçki komissiyası üzvlərinin ona qərəzli münasibət və təzyiq göstərdikləri haqqında iddiası da öz təsdiqini tapmamışdır.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı Ə.X.Vəliyevin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Beləliklə, namizəd Vəliyev Əli Xanəli oğlunun müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 83 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 17/40 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən namizədliyi 83 saylı Beyləqan seçki dairəsi üzrə irəli sürülmüş Vəliyev Əli Xanəli oğlunun 10 avqust 2024-cü il tarixli 27 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 17/40 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin