RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 09 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Nəriman İlqar oğlunun adından 2 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edilərək, namizəd kimi qeydə alınmadan imtinaya dair dairə seçki komissiyasının 29 iyul 2024-cü il tarixli 18/59 saylı qərarı mübahisələndirilmiş, həmin qərarın ləğv olunması və namizədliyin qeydə alınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərkən müraciətin imzalanmadığı müəyyən edilərək, onun üzərində qeyd olunmuş ünvana geri göndərilməsi barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Belə ki, Seçki Məcəlləsinin 112.5.11-ci maddəsinə görə, şikayət şikayətçi tərəfindən imzalanmalıdır.
Seçki Məcəlləsinin 112-1.5.3-cü maddəsinə əsasən, şikayət həmin Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayət onu təqdim edən şəxsə geri göndərilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112.5.11-ci, 112-1.5.3-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 2-ci hissəsinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Nəriman İlqar oğlunun adından Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 09 saylı müraciət imzalanmadığından geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov