Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 10 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlu 2 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli 20/50 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbir görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə Ə.F.İbrahimovun namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 15/35 saylı Qərarı ilə namizədliyi təsdiq edilmişdir.

Namizəd Ə.F.İbrahimov tərəfindən namizədliyin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 26 iyul 2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim edilmişdir.

Seçki Məcəlləsinin 60.1-ci maddəsinə görə, müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədlərini qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Müraciətlə bağlı dairə seçki komissiyasının sədri ilə əlaqə saxlanılmış və o bildirmişdir ki, Seçki Məcəlləsinin 60.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə dairə seçki komissiyası namizəd Ə.F.İbrahimovun namizədliyin qeydə alınması üçün təqdim etdiyi imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərindəki məlumatları araşdıraraq namizədin də iştirak etdiyi komissiyanın iclasında bütün məsələləri müzakirə etdikdən sonra onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etmiş və dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli 20/50 saylı Qərarı namizəd Ə.F.İbrahimova təqdim edilmişdir.

Dairə seçki komissiyasının qərarı namizədə təqdim olunduqdan sonra müəyyən edilmişdir ki, iclasda müzakirə edilmiş məsələ texniki səhvə yol verilərək, yəni ümumi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhərində yerləşən və sahəsi 59,85 kv.m olan mənzilin namizəd tərəfindən təqdim edilmiş əmlak barəsində məlumatda göstərilməməsi qərara daxil edilməmişdir. Buraxılmış texniki səhv dərhal aradan qaldırılmış və namizəd dəvət edilərək tam qərar ona təqdim edilmişdir.

Dairə seçki komissiyası tərəfindən namizədin qeydə alınmasından imtina edilməsi barədə qəbul edilmiş qərar tərtib edilərkən buraxılmış texniki səhv həmin komissiya tərəfindən dərhal aradan qaldırılaraq tam qərar namizədə təqdim edilsə də, namizəd tərəfindən mübahisələndirildiyindən onun müraciəti təmin edilməli, dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli 20/50 saylı qərarı ləğv edilməli, Ə.F.İbrahimovun namizədliyinin qeydə alınıb-alınmaması məsələsinə dairə seçki komissiyasında yenidən baxılmalıdır.

Seçki Məcəlləsinin 112-1.11.5-ci maddəsinə görə, Mərkəzi Seçki Komissiyası şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında qərar qəbul edə bilər.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60.1-ci, 112-ci, 112-1-ci, maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlunun 2 avqust 2024-cü il tarixli 10 saylı müraciəti təmin edilsin, 46 saylı Sumqayıt beşinci seçki dairəsi dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli 20/50 saylı qərarı ləğv edilsin, Ə.F.İbrahimovun namizədliyinin qeydə alınıb-alınmaması məsələsinə həmin dairə seçki komissiyasında yenidən baxılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin