Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 avqust 2024-cü il tarixli 21 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Abbasov Elman Abdulla oğlu 9 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 22/64 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş E.A.Abbasovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 7 avqust 2024-cü il tarixli 22/64 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 499 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanılarkən bəzi imzaların şübhə doğurduğu və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət edilmişdir. Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən İşçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmış və yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə ekspertlərin rəylərindən və işçi qrupunun protokolundan görünür ki, yoxlamaya təqdim olunan 10 ədəd imza vərəqəsində olan 499 ədəd imzadan 420 ədəd imza yoxlanılmış, həmin imzalardan 297 ədəd imza qeyri-düzgün hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.

Araşdırma prosesində namizəd E.A.Abbasov tərəfindən təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş, yenidən yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş imzalar digər xətşünas ekspertlər tərəfindən təkrar yoxlanılmış, 499 ədəd imzadan 297 ədəd imzanın etibarsız olması tərtib edilmiş 9 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha öz təsdiqini tapmışdır.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı E.A.Abbasovun namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Beləliklə, namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş E.A.Abbasovun müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 22/64 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Abbasov Elman Abdulla oğlunun 9 avqust 2024-cü il tarixli 21 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının namizədliyin qeydə alınmasından imtinaya dair 7 avqust 2024-cü il tarixli 22/64 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                   Məzahir Pənahov

Katib                  Arifə Muxtarova

Katib                  Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin