RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermə günü “Tərəqqi” sosial tədqiqatlar ictimai birliyinin SWG S.P.A. tədqiqatlar şirkəti (İtaliya) ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
“Tərəqqi” sosial tədqiqatlar ictimai birliyi 3 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə SWG S.P.A. tədqiqatlar şirkəti (İtaliya) ilə birgə səsvermə günü “exit-poll” keçirmək niyyətində olduğunu bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir.
Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, Komissiya “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nda nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, həmin təşkilatın səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Beləliklə, “Tərəqqi” sosial tədqiqatlar ictimai birliyinin akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalı, SWG S.P.A. tədqiqatlar şirkəti (İtaliya) ilə birgə səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınmalıdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddələrinə və “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən qərara alır:
1. “Tərəqqi” sosial tədqiqatlar ictimai birliyinin 3 avqust 2024-cü il tarixli müraciəti təmin edilsin və 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə SWG S.P.A. tədqiqatlar şirkəti (İtaliya) ilə birgə səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov