RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermə günü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının “Oracle Advisory Group” şirkəti (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə “Oracle Advisory Group” şirkəti (Amerika Birləşmiş Ştatları) ilə birgə səsvermə günü “exit-poll” keçirmək niyyətində olduğunu bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir.
Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, Komissiya “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nda nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, həmin təşkilatın səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Beləliklə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının müraciəti təmin olunmalı, “Oracle Advisory Group” şirkəti ilə birgə səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınmalıdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddələrinə və “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən qərara alır:
1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2 avqust 2024-cü il tarixli müraciəti təmin edilsin və 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə “Oracle Advisory Group” şirkəti ilə birgə səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov