ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunda “Şuşa İli” çərçivəsində müsabiqə və beynəlxalq konfrans keçiriləcək
Bakı, 23 fevral, AZƏRTAC
Mayın 5-dən 7-dək Dendrologiya İnstitutunda AMEA və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “II Xarıbülbül” foto və əl işlərindən ibarət müsabiqə və “Qarabağın dünəni və bu günü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə və beynəlxalq konfrans Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə olan olunmuş “Şuşa İli” çərçivəsində reallaşacaq.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın çoxəsrlik mədəni, tarixi irsinin, flora biomüxtəlifliyinin qorunması, rəşadətli ordumuzun şücaətinin gənc rəssamlar tərəfindən əks etdirilməsidir.
İştirak etmək istəyənlər özləri haqqında məlumatı, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə əl işlərini aprelin 25-dək [email protected] ünvanına göndərməlidirlər. Müsabiqəyə ən çox 3 əsər təqdim edilə bilər. Seçim zamanı kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.
İlk üç yerin qalibinə fəxri diplom və pul mükafatı veriləcək.
“Qarabağın dünəni və bu günü” beynəlxalq elmi konfransına isə aşağıdakı istiqamətlər üzrə məqalə qəbul olunur:
- Qarabağın biomüxtəlifliyi və iqlim dəyişkənliyinə təsiri;
- İşğaldan azad olunmuş ərazilərin bitki örtüyü;
- Genofonda dəymiş zərərin qiymətləndirilməsi;
- Yeni landşaft memarlığı əsasında ərazilərin qurulması;
- “Qırmızı kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsinə məruz qalmış bitkilərin bərpası;
- Ərazilərin su-torpaq xüsusiyyətləri və təsərrüfat əhəmiyyətli bitkilərin tədqiqi;
- Meşə ekosistemlərinin bərpası və davamlı senozların yaradılması;
- Qarabağın tarixi və mədəni irsinin qorunmasının təbliği.
Tezislər aprelin 25-dək təqdim olunmalıdır.
Konfransda çıxış etmək istəyənlər tezislərini [email protected] ünvanına göndərməlidirlər. Məktubun mövzu yerində “Şuşa İli – konfrans” sözlərinin yazılması tələb olunur.
Beynəlxalq konfransın materialları elektron formada nəşr ediləcək.