2025-Cİ İLDƏ BİR BARREL NEFTİN QİYMƏTİ 51 DOLLARA ÇATACAQ
AzerTAg.az
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərə görə, 2025-ci ildə bir barrel xam neftin qiyməti 51 dollara çatacaq. ABŞ-ın Energetika Nazirliyi yanında müstəqil İnformasiya idarəsinin hazırladığı “Beynəlxalq enerji proqnozu - 2004” adlı illik məruzəsində belə bir proqnoz verilmişdir.
Ekspertlərin fikrincə, neft 20 ildən sonra da dünyanın əsas enerji ehtiyatı kimi qalacaqdır. Başqa enerji mənbələri arasında neftin payı 39 faiz təşkil edəcək, ona tələbat isə gündə 121 milyon barrelə çatacaqdır. Artım ilk növbədə, ABŞ-ın hesabına, eləcə də Asiya ölkələrinin, ən əvvəl, Hindistanın və Çinin iqtisadi inkişafı ilə əlaqədar olmalıdır.
Mütəxəssislər hesab edirlər ki, dünyada təbii qaza tələbat daha sürətlə yüksələcək, onun istehlakı 2001-ci illə müqayisədə 2025-ci ilədək 67 faiz artacaqdır. Kömür əsas enerji mənbələrindən birinə çevriləcək, lakin əsas enerji daşıyıcıları arasında onun payı bir qədər azalıb, 23 faizə enəcəkdir. Bütövlükdə isə, dünyada enerji istehlakı 2001-ci illə müqayisədə 54 faiz artacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var