Azərbaycan Dövlət İnformasiya Agentliyi

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 80 saylı Lerik–Astara seçki dairəsi üzrə Vizəzəmin bələdiyyəsinə keçirilmiş seçkilərlə əlaqədar seçici Hüseynov Araz Balahüseyn oğlu 2025-ci il fevralın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsinin Vizəzəmin bələdiyyəsi üzrə səsvermə günü qanun pozuntularının baş verdiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 80 saylı Lerik–Astara seçki dairəsindən Vizəzəmin bələdiyyəsi üzrə keçirilmiş seçkilərlə əlaqədar seçici Hüseynov Araz Balahüseyn oğlunun 2025-ci il 12 fevral tarixli 48 saylı müraciəti şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin