2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 47 saylı Sumqayıt–Abşeron–Qaradağ seçki dairəsindən Müşfiqabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Məmmədov Samir Adil oğlu, Qarayev Babək Mətləb oğlu, Məmmədov Tural Müzəffər oğlu, Ələkbərov Rəhim Rafiq oğlu və Nəzərli Rəşad Zaman oğlu 12 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin hüdudlarında Müşfiqabad bələdiyyəsinə seçki keçirilən 47 və 48 saylı seçki məntəqələrinin yaradılmasını və dairə seçki komissiyasının 6 fevral 2025-ci il tarixli 9/23 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbirlər görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Qeydə alınmış namizədlər S.A.Məmmədov, B.M.Qarayev və T.M.Məmmədovun araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Qeydə alınmış namizədlər müraciətdə 47 saylı Sumqayıt–Abşeron–Qaradağ seçki dairəsindən Müşfiqabad bələdiyyəsinə seçki keçirilən 47 və 48 saylı seçki məntəqələrinin yaradılması və harada yerləşməsi barədə məlumatsız olmalarını bildirərək, bunu öz hüquqlarının pozulması kimi qiymətləndirmiş və buna görə də seçki dairəsinin həmin seçki məntəqələri üzrə səslərin etibarsız sayılmasını və səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişlər. Müraciətə bir ədəd CD-R disk əlavə olunmuşdur.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
Müraciətə əlavə edilmiş bir ədəd CD-R diskdə olan 2 videogörüntüyə araşdırmada iştirak edən namizədlərlə birgə baxış keçirilmiş və dairə seçki komissiyasında 29 yanvar 2025-ci ildə çəkilməsi iddia olunan həmin videogörüntülərdə hər hansı qanun pozuntusu müşahidə olunmamışdır. Belə ki, həmin videogörüntülər dairə seçki komissiyasının elanlar lövhəsində Seçki Məcəlləsinin 35.5-ci maddəsinə əsasən səsvermə gününə azı 5 gün qalmış yaradılan seçki məntəqələrinə dair müvafiq məlumatın olmaması faktını göstərmək məqsədilə çəkilmişdir.
Araşdırma ilə müəyyən edilmişdir ki, seçki dairəsi üzrə 47 və 48 saylı seçki məntəqələri 47 saylı Sumqayıt–Abşeron–Qaradağ seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 2/8 saylı qərarı ilə Seçki Məcəlləsinin 35.5-ci maddəsinin tələblərinə uyğun yaradılmış, bu barədə dairə seçki komissiyasının qərarı müvafiq qaydada dərc edilərək ictimailəşdirilmişdir. Həmin seçki məntəqələrinin yaradılması barədə qərarın ictimailəşdirilməsi Müşfiqabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin şeçilməmiş digər namizədlərin izahatları ilə də öz təsdiqini tapmışdır.
Həmçinin dairə seçki komissiyasının sədri, katibləri və üzvlərinin izahatları ilə müəyyən edilir ki, səsvermə günü ərəfəsində digər seçki sənədləri ilə yanaşı mübahisələndirilən seçki məntəqələrinin yaradılması barədə dairə seçki komissiyasının qeyd edilən qərarı da məlumat lövhəsindən çıxarılmışdır.
Beləliklə, 47 saylı Sumqayıt–Abşeron–Qaradağ seçki dairəsinin dairə seçki komissiyası namizədlər S.A.Məmmədov və digərlərinin müraciətinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyindən 47 və 48 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin və dairə seçki komissiyasının 6 fevral 2025-ci il tarixli 9/23 saylı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Bununla da, namizədlər S.A.Məmmədov və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciəti təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 35.5-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 47 saylı Sumqayıt–Abşeron–Qaradağ seçki dairəsindən Müşfiqabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Məmmədov Samir Adil oğlu, Qarayev Babək Mətləb oğlu, Məmmədov Tural Müzəffər oğlu, Ələkbərov Rəhim Rafiq oğlu və Nəzərli Rəşad Zaman oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 fevral 2025-ci il tarixli 9/23 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov