RƏSMİ SƏNƏDLƏR
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 yanvar 2025-ci il tarixli 10 saylı və 1 fevral 2025-ci il tarixli 24 saylı müraciətlərə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsindən Bəcirəvan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Tehmirov Niyaməddin Məmməd oğlu 2025-ci il yanvarın 31-də və Quliyev Barat Əlişirin oğlu 2025-ci il fevralın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək səsvermə günü adıçəkilən seçki dairəsinin həmin bələdiyyəni əhatə edən 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrində səsvermə günü günün sonunda səsvermənin nəticələrinə dair yekun protokollarının tərtib edilərək təsdiq edilmiş surətinin onlara təqdim edildiyini, ancaq sonradan seçici səslərinin digər qeydə alınmış namizədin xeyrinə saxtalaşdırılaraq az səs toplamış Cəbrayılov Yusif Xalıq oğlunun seçilmiş bələdiyyə üzvü elan edilməsini və seçki qanunvericiliyinin digər ciddi pozuntularına yol verildiyini iddia edərək, bu pozuntuların araşdırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbir görülməsini xahiş etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş və seçki dairəsinin eyni bələdiyyəni əhatə edən məntəqə seçki komissiyalarının fəaliyyəti ilə əlaqədar olduğundan bir icraatda birləşdirilərək araşdırılmış, bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırmada və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, araşdırmada və iclasda iştirakları təmin olunmuşdur.
Namizəd N.M.Tehmirov araşdırmaya seçki dairəsinin həmin bələdiyyəni əhatə edən 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrindən əldə etdiyi səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunun təsdiq edilmiş surətini təqdim etmişdir.
Namizəd B.Ə.Quliyev müraciətinə 42, 43 və 44 saylı seçki məntəqələrindən əldə etdiyi səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunun təsdiq edilmiş surətini əlavə etmişdir.
Dairə seçki komissiyasından Bəcirəvan bələdiyyəsini əhatə edən seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokolları alınaraq həmin seçki məntəqələrində təsdiq edilərək namizədə təqdim edilmiş protokolların surətləri ilə müqayisəli şəkildə araşdırılmışdır.
Müraciətdə iddia edilən pozuntular hərtərəfli və obyektiv araşdırılaraq namizədlər tərəfindən təqdim edilmiş protokolların təsdiq edilmiş surəti ilə dairə seçki komissiyası tərəfindən təqdim edilmiş protokollar və həmin protokollar əsasında Mərkəzi Seçki Komissiyasına daxil olan protokol məlumatlarının müqayisəli təhlili aparılmış və seçki dairəsinin Bəcirəvan bələdiyyəsini əhatə edən 42, 43, 44 və 46 saylı seçki məntəqələrində səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi zamanı bu və ya digər şəkildə seçkilərin nəticələrinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir.
Araşdırma ilə həmin seçki məntəqələrində müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən, qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Seçki Məcəlləsinin 240.2-ci maddəsinə görə dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə seçkiləri aşağıdakı hallarda etibarsız sayır:
- 240.2.1. Bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
81 saylı İmişli seçki dairəsi üzrə Bəcirəvan bələdiyyəsinin ərazisində 5 seçki məntəqəsi fəaliyyət göstərir və həmin seçki məntəqələri üzrə 3494 seçici qeydə alınmışdır. Səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələri üzrə isə 2727 seçici qeydə alınmışdır.
Bəcirəvan bələdiyyəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə həmin bələdiyyəni əhatə edən seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə həmin bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdiyindən, bələdiyyə üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmışdır.
Beləliklə, 81 saylı İmişli seçki dairəsindən Bəcirəvan bələdiyyəsinə qeydə alınmış namizədlər N.M.Tehmirovun və B.Ə.Quliyevin müraciətləri təmin edilməli, həmin seçki dairəsinin qeyd edilən bələdiyyəni əhatə edən 42, 43, 44 və 46 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, Bəcirəvan bələdiyyəsi üzrə seçkilərin nəticələri etibarsız sayılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 240-cı maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsindən Bəcirəvan bələdiyyəsinə qeydə alınmış namizədlər Tehmirov Niyaməddin Məmməd oğlunun 31 yanvar 2025-ci il tarixli 10 saylı müraciəti və Quliyev Barat Əlişirin oğlunun 1 fevral 2025-ci il tarixli 24 saylı müraciəti təmin edilsin, seçki dairəsinin həmin bələdiyyəni əhatə edən 42, 43, 44 və 46 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 81 saylı İmişli seçki dairəsi üzrə 2025-ci il yanvarın 29-da Bəcirəvan bələdiyyəsinə keçirilmiş bələdiyyə seçkiləri etibarsız hesab edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov