Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 yanvar 2025-ci il tarixli 15 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 119 saylı Ağdam kənd seçki dairəsindən Üçoğlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Abıyev Babaxan Məhəmməd oğlu 2025-ci il yanvarın 31-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) teleqramla müraciət edərək həmin bələdiyyə üzvlüyünə qeydə alınmış digər namizəd Əliyev Asif Akif oğlunun başqa yaşayış məntəqəsində yaşamasına baxmayaraq adıçəkilən bələdiyyədən qanunsuz olaraq bələdiyyə üzvü seçilməsini mübahisələndirmiş və seçki dairəsinin 13, 15, 16 və 43 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılma aparılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqları izah edilmişdir. O, araşdırmada və Komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

Namizəd B.M.Abıyev mübahisələndirdiyi seçki məntəqələri üzrə araşdırmaya hər hansı bir material təqdim etməmişdir.

Müəyyən edilmişdir ki, seçilməsi mübahisələndirilən qeydə alınmış namizəd A.A.Əliyev 119 saylı Ağdam kənd seçki dairəsinin ərazisində daimi yaşayır və namizədliyi Seçki Məcəlləsinin 53-cü və 212-ci maddələrinə uyğun olaraq irəli sürülmüş və qeydə alınmışdır.

Seçki Məcəlləsinin 212-ci maddəsinə görə seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Həmin Məcəllənin 210.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.

Mərkəzi Seçki Komissiyasında aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini, səslərin hesablanmasını və protokolların tərtib edilməsini müşahidə etmiş müşahidəçilər, qeydə alınmış, lakin seçilməmiş digər namizədlər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri tərəfindən verilmiş izahatlarla müraciətdə iddia olunan pozuntular öz təsdiqini tapmamışdır.

Araşdırma nəticəsində belə nəticəyə gəlinmişdir ki, nəticələri mübahisələndirilən seçki məntəqələrində səsvermə günü bütün seçki hərəkətləri Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada həyata keçirilmişdir.

Beləliklə, araşdırma ilə namizəd B.M.Abıyevin müraciətində iddia etdiyi qanun pozuntuları öz təsdiqini tapmadığından müraciətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Bununla da müraciət əsassız olduğundan təmin edilməməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 210.1-ci və 212-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 119 saylı Ağdam kənd seçki dairəsindən Üçoğlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Abıyev Babaxan Məhəmməd oğlunun 2025-ci il 31 yanvar tarixli 15 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                 Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin