RƏSMİ SƏNƏDLƏR
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 yanvar 2025-ci il tarixli 16 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 95 saylı Zərdab–Kürdəmir–Ucar seçki dairəsindən Məlikli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Soltanov Yaşar Mustafa oğlu həmin bələdiyyəni əhatə edən 14, 15, 16 və 17 saylı seçki məntəqəsində səslərin sayılması prosesinə həmin seçki dairəsi dairə seçki komissiyası tərəfindən qanunsuz müdaxilə olunduğu iddiasına dair 2025-ci il yanvarın 31-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək bunlarla bağlı hüquqi tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılıb və bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılıb.
Müraciət edən qeydə alınmış namizəd Y.M.Soltanov müraciətində 95 saylı Zərdab–Kürdəmir–Ucar seçki dairəsinin Məlikli bələdiyyəsinə seçki keçirilən 14, 15, 16 və 17 saylı seçki məntəqələrinin səsvermə otaqlarında total qanun pozuntularının olmasını, səslərin sayılmadığını və səslərin 95 saylı Zərdab–Kürdəmir–Ucar seçki dairəsinin dairə seçki komissiyasına aparılaraq orada saxtalaşdırıldığını iddia edib.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilib, Y.M.Soltanovun araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilib.
Araşdırma çərçivəsində namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş qeydə alınmış digər namizədlər, müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmır.
Araşdırma icraatı ilə bağlı 95 saylı Zərdab–Kürdəmir–Ucar seçki dairəsi dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq icraat materiallarına əlavə edilib və araşdırılıb. 95 saylı Zərdab–Kürdəmir–Ucar seçki dairəsi dairə seçki komissiyasının Məlikli bələdiyyəsi üzrə seçkilərin yekunlarına dair protokolu və 14, 15, 16 və 17 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları yoxlanılaraq müəyyən edilib ki, baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmır, o cümlədən seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkar edilmir.
Bundan əlavə qeydə alınmış namizəd Y.M.Soltanov və onun müşahidəçisi səsvermə günü yalnız 16 saylı seçki məntəqəsində müşahidə aparıb. Nəticələri mübahisələndirilən 17 saylı seçki məntəqəsində 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 yanvar 2025-ci il tarixli 4/13 saylı Qərarına əsasən veb-kamera quraşdırılıb. İcraatın tərkib hissəsi olaraq veb-kamera görüntülərinə baxış keçirilib və hər hansı qanun pozuntusu aşkar edilməyib.
Beləliklə, müraciətin tam, hərtərəfli və obyektiv araşdιrιlmasι nəticəsində müəyyən edilir ki, səsvermə prosesi, səslərin sayılması, seçki sənədləri ilə işin aparılması Seçki Məcəlləsi ilə müəyyən olunan tələblərə uyğun şəkildə həyata keçirilib, həmçinin səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işi müşahidə etmək və əlaqədar sənədlərlə tanış olmaq, seçki sənədlərinin surətlərini almaq kimi hüquqları bütün seçki subyektlərinə münasibətdə etibarlı təmin olunub. Müvafiq seçki komissiyaları tərəfindən səslərin hesablanması, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılması zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilib.
Qeyd edilənlər əsas götürülərək, 95 saylı Zərdab–Kürdəmir–Ucar seçki dairəsindən Məlikli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Soltanov Yaşar Mustafa oğlunun müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 95 saylı Zərdab–Kürdəmir–Ucar seçki dairəsindən Məlikli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Soltanov Yaşar Mustafa oğlunun 31 yanvar 2025-ci il tarixli 16 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov