Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 yanvar 2025-ci il tarixli 17 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsindən Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Babayev Qismət Məcid oğlu 31 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, Xəlfəli bələdiyyəsini əhatə edən seçki məntəqələri üzrə səslərin dairə seçki komissiyası tərəfindən saxtalaşdırıldığını iddia edərək səslərin yenidən sayılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah olunmuş, ərizəçi araşdırmada iştirak etsə də, Komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

Araşdırma zamanı namizəd Q.M.Babayev yazılı izahatında qeyd etmişdir ki, Xəlfəli bələdiyyəsinə seçkilər keçirilən 30, 31, 32 və 33 saylı seçki məntəqələrindən yalnız 30, 31 və 32 saylı seçki məntəqələrində seçki gününün müxtəlif saatlarında müşahidə aparmış, həmin seçki məntəqələrində səsvermə zamanı hər hansı qanun pozuntusuna rast gəlməmişdir. O, səsvermə başa çatdıqdan sonra qeyd edilən məntəqələrdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokollarının tərtib olunmadan 81 saylı İmişli seçki dairəsinin dairə seçki komissiyasına aparılmasını iddia etmişdir. Bundan başqa, namizəd Q.M.Babayev səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyasının protokollarının surətinin ona və müşahidəçilərinə verilmədiyini də bildirmişdir.

Mərkəzi Seçki Komissiyasında aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının sədrindən, üzvlərindən və namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini, səslərin hesablanmasını və protokolların tərtib edilməsini müşahidə etmiş müşahidəçilər, qeydə alınmış, lakin seçilməmiş digər namizədlər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri tərəfindən verilmiş izahatlarla səslərin dairə seçki komissiyasında saxtalaşdırılması iddiası öz təsdiqini tapmamışdır. Mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollarının araşdırılması nəticəsində və müxtəlif seçki subyektləri tərəfindən verilmiş izahatlar əsasında səslərin təkrar hesablanması üçün zərurət olmadığı müəyyən edilmişdir. Araşdırma nəticəsində belə qənaətə gəlinmişdir ki, məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair protokollar Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilərək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına çatdırılmışdır.

Araşdırma ilə o da müəyyən edilmişdir ki, namizəd Q.M.Babayev tərəfindən onun maraqlarını müdafiə etmək üçün təyin edilmiş iki müşahidəçi səsvermə günü yalnız 30 və 31 saylı seçki məntəqələrində günün müxtəlif saatlarında səsvermə prosesini, səslərin hesablanmasını və protokolların tərtib edilməsini müşahidə etmişlər, lakin müraciətdə iddia olunan pozuntu barədə müvafiq seçki komissiyalarına yazılı və ya şifahi məlumat verməmiş və səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyasının protokollarının surətlərini götürmədən məntəqəni tərk etmişlər.

Müəyyən olunmuşdur ki, 81 saylı İmişli seçki dairəsinin 30, 31, 32 və 33 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında protokolun surətini nə namizəd, nə də onun müşahidəçiləri məntəqə seçki komissiyalarından almamışlar.

Seçki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri səsvermənin nəticələri haqqında protokolların surətini almaq hüququna malikdirlər. Seçki Məcəlləsinin 100.11-ci maddəsinin tələbinə görə, buna hüququ olan şəxslərə verilən seçki komissiyalarının protokollarının surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq etməlidir.

Beləliklə, 81 saylı İmişli seçki dairəsindən Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Q.M.Babayevin müraciəti qismən təmin edilməli, səsvermənin nəticələri haqqında 30, 31, 32 və 33 saylı seçki məntəqəsi məntəqə seçki komissiyalarının protokolunun surətinin namizədə və onun müşahidəçilərinə verilməsi həmin seçki dairəsi dairə seçki komissiyasına həvalə edilməli, digər hissədə isə əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsindən Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Babayev Qismət Məcid oğlunun 2025-ci il 31 yanvar tarixli 17 saylı müraciəti qismən təmin olunsun, seçki dairəsinin 30, 31, 32 və 33 saylı seçki məntəqəsi məntəqə seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokollarının surətinin namizədə və onun müşahidəçilərinə verilməsi həmin seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin, digər hissədə isə əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr               Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin