Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 fevral 2025-ci il tarixli 25 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 82 saylı İmişli–Saatlı seçki dairəsindən Yalavac bələdiyyəsi üzlüyünə qeydə alınmış namizəd Qəhrəmanov Qəhrəman Qaraxan oğlu 2025-ci il fevralın 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək səsvermə günü adıçəkilən seçki dairəsinin 15 saylı seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən, şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 82 saylı İmişli–Saatlı seçki dairəsindən Yalavac bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qəhrəmanov Qəhrəman Qaraxan oğlunun 2025-ci il 3 fevral tarixli 25 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                    Məzahir Pənahov

Katib                   Arifə Muxtarova

Katib                   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin