2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 29 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 72 saylı Cəlilabad kənd seçki dairəsindən Şiləvəngə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev İsrafil Ataş oğlu 2025-ci il fevralın 4-də teleqramla Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək dairə seçki komissiyasının 2025-ci il 2 fevral tarixli 07/15 saylı qərarını mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112.1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək hüququ izah olunmuş, lakin o, araşdırmada və Komissiyanın iclasında iştirakdan imtina etmişdir.
72 saylı Cəlilabad kənd seçki dairəsindən Şiləvəngə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İ.A.Nuriyev müraciətində səsvermə günü həmin seçki dairəsi dairə seçki komissiyasının 28 saylı seçki məntəqəsində seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia etmişdir.
İddia edilən pozuntu ilə əlaqədar olaraq qeydə alınmış namizəd İ.A.Nuriyevin şikayəti 72 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 2025-ci il 2 fevral 07/15 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Mərkəzi Seçki Komissiyasında aparılmış araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqəsi üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqəsində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyasının sədri, katibləri, üzvləri, qeydə alınmış, lakin seçilməmiş namizədlər tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntusu öz təsdiqini tapmamışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası qeydə alınmış namizəd İ.A.Nuriyevin şikayətini araşdırarkən düzgün hüquqi nəticəyə gəlmişdir.
Qeyd edilənlər əsas götürülərək, 72 saylı Cəlilabad kənd seçki dairəsindən Şiləvəngə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev İsrafil Ataş oğlunun müraciəti əsassız olduğundan təmin edilməməli və dairə seçki komissiyasının 2025-ci il 2 fevral 07/15 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112.1-ci maddələrinə əsasən qərara alır:
1. 72 saylı Cəlilabad kənd seçki dairəsindən Şiləvəngə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev İsrafil Ataş oğlunun 2025-ci il 4 fevral tarixli 29 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 2025-ci il 2 fevral 07/15 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov