Azərbaycan Dövlət İnformasiya Agentliyi

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 34 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsindən Qaralar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Məmmədov Faiq Firidun oğlu, Hüseynov Rafiq Həsən oğlu və digərləri 5 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 3 fevral 2025-ci il tarixli 11/39 saylı Qərarını mübahisələndirərək, seçki dairəsinin Qaralar bələdiyyəsi üzrə 38, 39, 40 və 41 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və bu barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış və bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

81 saylı İmişli seçki dairəsindən Qaralar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər F.F.Məmmədov, R.H.Hüseynov və başqaları müraciətində səsvermə günü həmin seçki dairəsi dairə seçki komissiyasının Qaralar bələdiyyəsinə seçki keçirilən 38, 39, 40 və 41 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb ediblər. Ərizəçilər tərəfindən müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə elektron məlumat daşıyıcılarında video və fotogörüntülər əlavə edilmişdir.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılıb, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, F.F.Məmmədov, R.H.Hüseynov və digərlərinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

İddia edilən pozuntularla əlaqədar qeydə alınmış namizədlər F.F.Məmmədov, R.H.Hüseynov və digərlərinin şikayəti 81 saylı İmişli seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 3 fevral 2025-ci il tarixli 11/39 saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Müraciətin araşdırılması ilkin icraat materiallarını və namizəd tərəfindən təqdim olunan digər video, fotogörüntüləri əhatə etmişdir.

Mərkəzi Seçki Komissiyasında aparılmış geniş, tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədlərin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınan digər namizədlər (sözügedən bələdiyyə üzrə liderlər siyahısında olmayan) tərəfindən verilən izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. Təqdim edilmiş video və fotogörüntülərin araşdırılması zamanı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müşahidə edilməmişdir.

Araşdırmanın tərkib hissəsi kimi 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq icraat materiallarına əlavə edilib və araşdırılıb. 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının Qaralar bələdiyyəsi üzrə seçkilərin yekunlarına dair protokolu və 38, 39, 40 və 41 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollarında seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkar edilməmişdir.

Bundan əlavə, nəticələri mübahisələndirilən 39 saylı seçki məntəqəsində 21 yanvar 2025-ci il tarixli 4/13 saylı “2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı”na əsasən veb-kamera quraşdırılıb. İcraatın tərkib hissəsi olaraq veb-kamera görüntülərinə baxış keçirilib və hər hansı qanun pozuntusu müşahidə edilməmişdir.

Aparılmış icraatla müəyyən edilmişdir ki, 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyası mövcud qərarla düzgün hüquqi nəticəyə gəlmiş, namizədlərin səsvermə günü baş verdiyi ehtimal edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.

Beləliklə, Qaralar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər F.F.Məmmədov, R.H.Hüseynov və digərlərinin müraciəti əsassız olduğundan təmin edilməməli və 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının 3 fevral 2025-ci il tarixli 11/39 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsində Qaralar bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Məmmədov Faiq Firidun oğlu, Hüseynov Rafiq Həsən oğlu və digərlərinin 5 fevral 2025-ci il tarixli 34 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 3 fevral 2025-ci il tarixli 11/39 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin