Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığının qarşısının aılnması və onunla mübarizə” mövzusunda seminar keçirilib
AzerTAg.az
Bakı, 18 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda elmi seminar keçirilib. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na həsr olunmuş seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Planının icrası ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil müəssisələrində mühazirə və seminarların təşkilinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayan Esmira Cəfərova tədbirin əhəmiyyətini vurğulayıb.
Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri”, Mingəçevir Valideynlər Assosiyasiyasının sədri, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Fərman Nəbiyev “Məişət zorakılığına qarşı mübarizədə media və QHT-lərin rolu”, MDU-nun əməkdaşlarından Şəfa Quliyeva “Məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik”, Nərgiz Niftəliyeva “Məişət zorakılığının yaranma səbəbləri və psixoloji aspektləri” və Elvin Abbasov “Məişət zorakılığından müdafiə vasitələri” mövzularında çıxış ediblər.
Sonda mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib, seminar iştirakçıları tərəfindən məruzələr ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, ölkəmizdə həyata keçirilən islahatlara və dövlət proqramlarının icrasına töhfə verməyi diqqət mərkəzində saxlayan MDU-da müvafiq istiqamətlər üzrə aktual mövzularda tədqiqatların aparılmasına, müxtəlif formatlarda elmi və maarifləndirici tədbirlərin təşkilinə xüsusi önəm verilir.








Xəbərin mətnində orfoqrafik səhv var