SİYASƏT
Deputat: Brüssel görüşü döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbəmizi özündə əks etdirir
Bakı, 7 aprel, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ilə əlaqələr müstəqilliyimizin ilk illərinə təsadüf edir. Azərbaycan ilk illərdə sağlam, qarşılıqlı və faydalı əlaqələrə söykənən fəaliyyəti ilə Aİ ilə əməkdaşlıq niyyətini bəyan edib və bu istiqamətdə ciddi uğurlara imza atıb. Bunun məntiqi nəticəsi olaraq hazırda Azərbaycanla Aİ arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Xüsusilə, Azərbaycan Avropa üçün energetika sahəsində tərəfdaş ölkə olmaqla yanaşı, əməkdaşlığın digər sahələrinə də mühüm töhfələr verir. Məsələn, nəhəng Cənub Qaz Dəhlizi layihəsi ilə Avropa bazarlarına təbii qazın çatdırılması istiqamətində görülən işləri diplomatiyamızın təntənəsi hesab etmək olar. Beləliklə, milli maraqlara söykənən ölkəmizin xarici siyasət kursu praktiki baxımdan yüksək səviyyədə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.
O qeyd edib ki, Aİ Azərbaycan Prezidentinin liderliyini qəbul edir, dövlətimizin başçısı ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda ölkə rəhbəri ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları Prezident İlham Əliyevin dünyada böyük nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyevin Brüssel səfərinin də bu cəhətdən, eləcə də regional təhlükəsizlik və davamlı sülhə nail olmaq baxımından əhəmiyyətini vurğulayan deputat deyib: “Belçikada Şarl Mişel tərəfindən yüksək qonaqpərvərlik və ehtiramla qəbul edilən dövlətimizin başçısı İlham Əliyevin timsalında Aİ Azərbaycana əhəmiyyətli dərəcədə önəm verir. Bununla yanaşı, regionda sülhün bərqərar olması istiqamətində Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkili baxımdan da Aİ-nin təşəbbüsü, şübhəsiz ki, mühüm önəm daşıyan hadisədir. Dövlətimizin başçısı ilə təkbətək və üçtərəfli istiqamətdə reallaşan görüşdən sonra Şarl Mişelin bəyanatı bütövlükdə, fikrimcə, Azərbaycan diplomatiyasının növbəti uğurudur.
Aİ Şurasının Prezidentinin bəyanatında hər iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyasının zəruri olduğu diqqətə çatdırılıb və bu məqsədlə 2021-ci il 26 noyabr tarixli Soçi bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə edildiyi bildirilib. Bundan başqa, Şarl Mişel 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət edilməsinin zərurətini də vurğulayıb.
Yeri gəlmişkən, görüş zamanı humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi qeyd edilərək, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi diqqətə çatdırılıb. Həmçinin iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən həm dəmir yolları, həm də avtomobil yollarının açılmasının əhəmiyyəti xatırladılıb. Aİ-nin nəqliyyat bağlantı infrastrukturunun inkişafını dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib”.
2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatın Azərbaycanın milli maraqlarına tam cavab verən tarixi sənəd olduğunu diqqətə çatdıran R.Mahmudov deyib ki, bu sənəd döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də birmənalı şəkildə qələbəmizi özündə əks etdirir.
“Bütün bunlar dövlətimizin başçısının xalqımız qarşısında növbəti danılmaz xidmətidir. Xalq, dövlət isə o zaman yenilməz olur ki, taleyini yüksək intellektli, praqmatik, çevik qərarlar qəbul edən, Vətənini sevən bir liderlə bağlayır. Bu baxımdan çətin, taleyüklü zamanda Prezident İlham Əliyev kimi ölkəsinə şərəflə xidmət edən bir Prezidenti olduğu üçün biz xoşbəxt xalqıq. Brüssel görüşü bu xidmətin davamı idi”, - deyə deputat fikirlərini yekunlaşdırıb.