Mingəçevir Dövlət Universitetinin əməkdaşları beynəlxalq layihə çərçivəsində mühazirələr deyib
AzerTAg.az
Bakı, 8 aprel, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) ilə Belarusun Baranoviç Dövlət Universitetinin (BarDU) əməkdaşlığı çərçivəsində “Partnyor elm-təhsil treki” adlı beynəlxalq layihə reallaşıb. “Microsoft Teams” platforması üzərindən onlayn formatda gerçəkləşən layihədə MDU və BarDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov “Müasir insanın multikultural tərbiyəsi gələcək qlobal rifahın qarantıdır” mövzusunda, İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev “Azərbaycanın milli iqtisadiyyatının inkişafının dövlət tənzimlənməsinin xüsusiyyətləri (müasir reallıqlar şəraitində)” mövzusunda, İnformasiya texnologiyaları kafedrasının dosenti Elmira İsrafilova “Tranzaksiyaların paralel işləməsi zamanı yaranan problemlər” mövzusunda və Sənayenin təşkili və idarəetmə kafedrasının dosenti Tural Xəlilov “Rəqəmsal iqtisadiyyatda məşğulluq və idarəetmə” mövzusunda mühazirələr söyləyiblər. Mühazirələrə MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev moderatorluq edib.
Mühazirələr BarDU-nun tələbə və magistrantları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, beynəlxalq əlaqələrin inkişafına, müxtəlif ölkələrdən olan ali təhsil müəssisələri ilə tərəfdaşlığa önəm verən MDU-da ortaq elmi konfransların, tədbir və layihələrin gerçəkləşdirilməsi diqqət mərkəzində saxlanılır.










Xəbərin mətnində orfoqrafik səhv var