SİYASƏT
Deputat: Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına dair ümidlər artır
Bakı, 9 aprel, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında beynəlxalq hüquq normaları çərçivəsində ölkəmizin təklif etdiyi 5 maddədən ibarət təklifi əsasında sülh müqaviləsinin imzalanmasına dəstək nümayiş etdirdi. Aİ-nin, həmçinin qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiyası prosesinə verdiyi dəstək ümumilikdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində bitərəf, qərəzsiz və konstruktiv mövqe nümayiş etdirməsi alqışalayiqdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.
Deputat qeyd edib ki, Brüssel görüşündə əldə edilən nəticələr, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin ölkəmizə qazandırdığı önəmli uğurlardan biridir. Xüsusilə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasında Avropa İttifaqının dəstək göstərməsi barədə razılıq əldə olunması Azərbaycan üçün böyük önəm kəsb edir. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq tezliklə təcrübədə də öz faydalı nəticələrini göstərə bilər. Xatırlatmaq yerinə düşər ki, məhz Avropa İttifaqının vasitəçiliyi ilə sülhün əldə olunması istiqamətində əldə olunan bu ilkin uğurlar ATƏT-in Minsk qrupunun 30 ildəki fəaliyyətinin səmərəsizliyini bir daha sübut etməklə, artıq Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına dair ümidləri də artırır.
“Prezident İlham Əliyevin başlıca hədəfi və tələbi məhz ölkələr arasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və gələcəkdə heç bir ərazi iddiasının olmamasıdır. Bu tələb beynəlxalq hüququn normalarına tam uyğun olmaqla, sülh içərisində yaşamaq istəyən və həqiqətən sülhü arzulayan hər bir dövlət üçün qəbulediləndir. Dərin multikulturalizm köklərinə malik Azərbaycanda digər millətlərin nümayəndələri kimi erməni əsilli insanlar da sülh içərisində yaşaya bilərlər. Lakin bunun üçün Ermənistan əvvəlcə beynəlxalq hüquqa hörmətlə yanaşmalı, separatizmdən və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir”, - deyə N.Həsənov vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycan hər zaman Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə böyük önəm verib. Eyni zamanda, Aİ üçün Azərbaycan hər zaman etibarlı tərəfdaş olub. Bu gün Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli formada qurulub. Brüssel gələcəkdə Azərbaycanla Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn normalarını əsas götürülməklə qurulmasında və Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün qorunmasında daha güclü dəstəyini verə bilər.