SİYASƏT
20 YANVAR FACİƏSİNİN 15-Cİ İLDÖNÜMÜNÜ RUSİYA FEDERASİYASINDA YAŞAYAN SOYDAŞLARIMIZ DA QEYD EDƏCƏKLƏR
Xalqımızın tarixinə qanla yazılan şanlı səhifə kimi daxil olmuş 20 Yanvar faciəsinin 15-ci ildönümü Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayan soydaşlarımız tərəfindən də geniş qeyd ediləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 20 Yanvar - Ümumxalq hüzn gününün qeyd olunması ilə əlaqədar Ümumrusiya Azərbaycan Konqresi tədbirlər planı hazırlamışdır. Rusiyada soydaşlarımızın yığcam yaşadıqları vilayət və şəhərlərdə müxtəlif tədbirlər keçiriləcək, Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçən, öz qanları ilə tarix yaradan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad olunacaq, ehsan süfrələri açılacaqdır.
Qanlı Yanvar faciəsinin səbəbləri və acı nəticələri ilə bağlı dünya ictimaiyyətinə bir daha məlumatlar çatdırılacaqdır.