20 YANVAR FACİƏSİNİN 17-Cİ İLDÖNÜMÜ DÜNYANIN MÜXTƏLİF ÖLKƏLƏRİNDƏ DƏ QEYD EDİLƏCƏKDİR

20 YANVAR FACİƏSİNİN 17-Cİ İLDÖNÜMÜ DÜNYANIN
MÜXTƏLİF ÖLKƏLƏRİNDƏ DƏ QEYD EDİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 20 Yanvar faciəsinin 17-ci ildönümü dünyanın, o cümlədən Avropanın bir çox ölkələrindəki diaspor təşkilatlarımız, icma və birliklərimiz tərəfindən qeyd ediləcəkdir. Bu münasibətlə soydaşlarımız tərəfindən anma mərasimləri, dəyirmi masalar və xatirə gecələri təşkil olunacaq, şəhidlərin ruhuna dualar oxunacaq və ehsanlar veriləcəkdir.
X X X
RUSİYA: Yanvarın 19-20-də Rusiya Federasiyasının bir çox vilayət və şəhərlərində 20 Yanvar - Ümumxalq hüzn gününə həsr edilmiş tədbirlər keçiriləcəkdir. Ümumrusiya Azərbaycanlıları Konqresindən verilən məlumata görə, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr ediləcək anma mərasimlərində faciədən söhbət açan foto və rəsm sərgiləri, filmlər nümayiş etdiriləcəkdir.
X X X
BELARUS: Belarus Azərbaycan İcmaları Konqresi yanvarın 19-da Minsk şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş mərasim keçirəcəkdir. Tədbirdə Belarusda fəaliyyət göstərən başqa xalqların diasporlarının nümayəndələri də iştirak edəcəkdir. Mərasimdə şəhidlərin xatirəsi yad ediləcək, onların ruhuna dualar oxunacaq və 20 Yanvar faciəsindən bəhs edən film göstəriləcəkdir.
X X X
UKRAYNA: Ukrayna Azərbaycanlıları Konqresi ölkəmizin Ukraynadakı səfirliyi ilə birlikdə yanvarın 19-da Kiyev şəhərindəki Müəllimlər evində 20 Yanvar faciəsinin 17-ci ildönümünə həsr olunmuş böyük tədbir keçirəcəkdir. Mərasimdə bu ölkədə fəaliyyət göstərən digər xalqların, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcəkdir. Mərasimdə 20 Yanvar faciəsindən bəhs edən fotosərgi və film nümayiş etdiriləcəkdir.
X X X
BOLQARISTAN: Yanvarın 19-da daha bir tədbiri Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələr keçirəcəklər. Onlar Amerika Universitetində 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar dəyirmi masa təşkil edəcəklər.
X X X
LATVİYA: Yanvarın 19-da Riqa şəhərində “Azəri-Vəhdət” cəmiyyəti Azərbaycanın Latviyadakı səfirliyi ilə birlikdə Qanlı Yanvar hadisələrinə həsr olunmuş yığıncaq keçirəcəkdir. Mərasimdə şəhidlərin ruhuna dualar oxunacaq, ehsan veriləcəkdir.
X X X
LİTVA: Yanvarın 19-da və 20-də paytaxt Vilnüsdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi və yığıncaq keçiriləcəkdir. Vilnüsdəki mərasimlərin təşkilatçıları Litva Azərbaycanlıları Cəmiyyəti və “Günəş” cəmiyyətidir.
X X X
ESTONİYA: “Aydan” Estoniya-Azərbaycan Dostluq cəmiyyətinin təşkilatçılığı ilə yanvarın 20-də Tallinn şəhərində mərasim keçiriləcəkdir. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi nümayiş etdiriləcək, şəhidlərin ruhuna dualar oxunacaq, ehsan veriləcəkdir.
X X X
QAZAXISTAN: Ümumxalq hüzn günü ilə əlaqədar bu ölkənin müxtəlif şəhərlərində mərasimlər təşkil olunacaqdır. Belə ki, yanvarın 19-da Almatı şəhərində “Turan” Konqresi və digər diaspor təşkilatlarının iştirakı ilə soydaşlarımız tərəfindən yeni tikilmiş məsciddə şəhidlərin ruhuna dualar oxunacaq, ehsan paylanacaqdır.
Yanvarın 20-də paytaxt Astanada Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin və “Xəzər” ictimai birliyinin dəstəyi ilə anma mərasimi keçiriləcəkdir. Tədbirdə 20 Yanvar hadisələrinə həsr edilmiş fotosərgi və kinofilm nümayiş etdiriləcəkdir. Həmin gün Qazaxıstanın Petropavlovsk şəhərində də “Novruz” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbir keçiriləcəkdir.
X X X
TACİKİSTAN: Yanvarın 18-də Tacikistanın paytaxtı Düşənbə şəhərində “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı ilə anma mərasimi təşkil olunacaqdır.
X X X
GÜRCÜSTAN: Yanvarın 19-da Gürcüstanın Marneuli şəhərində Gürcüstan Azərbaycanlılarının Ziyalıları Birliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə Qanlı Yanvara həsr olunmuş yığıncaq keçiriləcək və ehsanlar veriləcəkdir.
X X X
MİSİR: Yanvarın 18-də Misirin Qahirə Universitetində Yanvar hadisələrinin 17-ci ildönümü ilə bağlı anma mərasimləri təşkil ediləcəkdir. Tədbirlərdə universitet tələbələri, bu ölkədə yaşayan soydaşlarımızın və türk diasporunun nümayəndələrinin iştirakı planlaşdırılmışdır.
X X X
YAPONİYA: Yanvarın 19-da Gündoğar ölkənin Osaka Universitetində Yaponiya-Azərbaycan Dostluq Cəmiyyəti, azərbaycanlı və xarici tələbələrin iştirakı ilə anma mərasimi keçiriləcəkdir.
X X X
Yanvarın 19 və 20-də Avstraliya və Yeni Zelandiyada da anma mərasimləri keçiriləcəkdir. Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı Avstraliyanın Sidney və Yeni Zelandiyanın Okland şəhərlərində keçiriləcək tədbirlərdə, o cümlədən Sidneydəki “Azərbaycanın səsi” radiosu vasitəsilə 20 Yanvar hadisələri ilə əlaqədar geniş məlumatlar veriləcək, mərasimlərdə fotosərgi və filmlər nümayiş etdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.