SİYASƏT
20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ AVROPA ÖLKƏLƏRİNDƏ QEYD EDİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yanvarın 16-da Parisdəki “Azərbaycan evi”ndə, yanvarın 18-də İsveçdəki diasporumuz və Almaniyanın Köln şəhərindəki Azərbaycan Kültür və Dayanışma Mərkəzində Heydər Əliyevin və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimləri təşkil olunacaq. Mərasimlərdə ehsan veriləcək, şəhidlərin ruhuna dualar oxunacaq.
Yanvarın 20-də isə Niderlandın Haaqa şəhərində Amsterdamdakı Azərbaycan-Niderland Cəmiyyəti, Den-Haag Azərbaycan-Türk Kültür Dərnəyi və Qroningendəki “Qartal” Gənclər Birliyi tərəfindən anma mərasimləri, eləcə də 20 Yanvar faciəsi ilə bağlı Haaqadakı Rusiya səfirliyinin qarşısında kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirakı ilə mitinq keçiriləcəkdir.
Norveç–Azərbaycan Dostluq Cəmiyyəti də 20 Yanvar faciəsinin ildönümü münasibətilə bu ölkənin əsas qəzetlərində məqalə ilə çıxış edəcək.