QAN YADDAŞI


20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub

Bakı, 19 yanvar, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətində (DMX) 1990-cı il 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Xidmət rəisi Vüsal Hüseynov 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. O, hadisələrə ilk siyasi-hüquqi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Yanvarın 21-də - Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirməsi, 20 Yanvar faciəsinə siyasi qiymət verməsi, bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Mərkəzin və ozamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu cəsarətlə deməsi həmin günlərdə çaşqınlıq içində yaşayan, sağalmaz yaralardan hələ də özünə gələ bilməyən Azərbaycan xalqına Ulu Öndərin ən böyük dəstəyi idi.

Ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsi hazırda ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev tərəfindən də daim böyük hörmətlə yad edilir. Dövlətimizin başçısı 1990-cı ilin yanvarında faciəli hadisələr zamanı Azərbaycanın azadlığı, suverenliyi uğrunda şəhid olanların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə bir sıra mühüm qərarlar qəbul edib. 2006-cı il yanvarın 19-da imzalanmış müvafiq Fərmana əsasən isə 1990-cı il yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib.

Sonra Xidmət rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev çıxış edərək bildirib ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Torpaqlarımızın toxunulmazlığı uğrunda başlamış çıxışlar sonda möhtəşəm xalq hərəkatına çevrilib. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlətdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Sovet İttifaqı hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların, qocaların gülləbaran edilməsi, bu zaman hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan tarixinin qanla yazılan səhifələrindəndir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Tədbirdə həmin gecə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalan bacı və qardaşlarımızın qanının yerdə qalmayacağı, cinayətkarların gec-tez öz layiqli cəzalarını alacaqları bildirilib.

Vurğulanıb ki, son illər Azərbaycanın iqtisadi və hərbi gücünün qüvvətlənməsi, xalqla Prezidentin möhkəm vəhdəti tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, həm də bu problemin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.