ELM VƏ TƏHSİL
20 Yanvar Azərbaycan xalqının milli birliyini nümayiş etdirdi
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi xalqımızın qan yaddaşı olmaqla yanaşı, istiqlal, azadlıq və müstəqillik ideyalarını gücləndirdi, milli məfkurənin sürətlə yayılmasına yol açdı. Həmin qanlı hadisələrdən otuz il keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsini unutmur və gələcək nəsillərə ötürür. Ümummilli faciəmiz olan 20 Yanvar ildən-ilə xalqımızın yaddaşında əbədiləşir və heç vaxt tariximizdən silinməyəcək. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimizə öz ehtiramını bildirir. Tariximizin qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar, həmçinin xalqımızın milli birliyini təcəssüm etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk söyləyib.
“20 Yanvar hadisələri həm də insanlarımızda sovet imperiyasına olan inamı çökdürdü. Xalqımız yetmiş il xidmət etdiyi dövlətin öz insanını bir günün içində necə vəhşicəsinə öldürdüyünü gördü. Həmçinin bu faciə imperiyanın süqutunu sürətləndirən səbəblərdən biri oldu. İmperiyanın rəhbərliyinə aydın oldu ki, xalqımız onların yürütdüyü ikiüzlü, məkrli siyasətə öz etirazını bildirəcək səviyyədə güclü və əzmkardır. Bu qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib”, - deyə Elnur Eltürk vurğulayıb.