20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi
AzerTAg.az
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov çıxış edərək zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən deportasiya siyasətindən və 20 Yanvar faciəsinin acı nəticələrindən söz açıb. O, keçmiş SSRİ rəhbərliyi tərəfindən yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridildiyini, əliyalın, günahsız insanların qətlə yetirildiyini faktlarla diqqətə çatdırıb.
“Azadlığı, vətən sevgisini şərəf bilən soydaşlarımız otuz il əvvəl şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına nail oldular. Tarix qəhrəmanlıq səhifələrini təmənnasız yazanlara borcludur. Bu baxımdan həmin gecəni də unutmağa, unutdurmağa haqqımız yoxdur”, - deyə Zaur Bağırov qeyd edib.
Tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanlı hadisənin başvermə səbəbini xronoloji ardıcıllıqla nəzərə çatdırıb. O, 20 Yanvarın tariximizin qanlı, lakin şanlı, qürur səhifəsi olduğunu söyləyib.
Sonda 20 Yanvarla bağlı videoçarx nümayiş olunub.


Xəbərin mətnində orfoqrafik səhv var