ELM VƏ TƏHSİL


20 Yanvar - Azadlığa gedən yol

Bakı, 18 yanvar, AZƏRTAC

Heydər Əliyev adına liseydə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan “Azadlığa gedən yol” adlı anım tədbiri keçirilib.

Liseydən AZƏRTAC-a bildirilib ki, öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri liseyin direktoru Sevinc Orucova açaraq 20 Yanvar faciəsi haqqında məlumat verib. O bildirib ki, 20 Yanvar Azərbaycanın tarix səhifəsinə qanla yazılmış bir gündür. “Həmin günün şahidi olaraq yanvarın 19-dan 20-nə keçən gecə yaşanan hadisələri cümlələrə sığışdırmaq, sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Məhz həmin gün Azərbaycan xalqı istiqlal, azadlıq istəyindən yola çıxaraq, uğrunda canından keçməyə hazır olan yüzlərlə övladı olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün bir dövlət kimi azadlığımızı, suverenliyimizi borclu olduğumuz 20 Yanvar faciəsindən 30 il keçsə də, şəhidlərimizin xatirəsi bizim üçün həmişə əzizdir”, – deyə Sevinc Orucova qeyd edib.

Daha sonra 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş etdirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Liseyin ibtidai sinif şagirdləri 20 Yanvar faciəsi ilə bağlı maraqlı təqdimatlar hazırlayıb, yuxarı sinif şagirdləri ilə seminar dərslər keçirilib.

Şagirdlər Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının məzarları önünə tər qərənfillər düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.