ELM VƏ TƏHSİL
20 Yanvar - Azərbaycan xalqının əzm və iradəsinin rəmzi
Bakı, 16 yanvar, AZƏRTAC
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda (AKİ) elmi müəssisənin Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı, Azad Həmkarlar İttifaqı Təşkilatı, Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Giriş nitqi ilə çıxış edən institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 20 Yanvar faciəsi - milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Akademik qeyd edib ki, o gecə həlak olan vətən övladları Azərbaycan tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.
İnstitut rəhbəri diqqətə çatdırıb ki, həmin qanlı hadisələrdə bütün təbəqələrdən olan insanlar – şagird, tələbə, müəllim, alim şəhid olub. Azərbaycan elminin parlaq nümayəndələrindən sayılan professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədova şəhid olub, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədova ağır yaralanıblar.
"20 Yanvar - Azərbaycanın qırılmaz əzm və iradəsinin rəmzi" mövzusunda məruzə edən AKİ-nin Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib.
"Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının ictimai şüurunda da ciddi dəyişiklik baş verdi, xalqımız milli azadlıq hərəkatına başladı və şəhidlərin qanı hədər getmədi”, – deyə Elxan İsakov qeyd edib.
Məruzəçi vurğulayıb ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilib. Bu gün Şəhidlər xiyabanı Azərbaycanın hər bir vətəndaşının müqəddəs and yeri və ziyarətgahına çevrilib. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir. Vətən oğullarının xatirəsi bundan sonra da ürəyimizdə əbədi yaşayacaqdır.
İnstitutun Mülki müdafiə qərargahının rəisi, polkovnik-leytenant Hüseyn Dünyamalıyev, dosent Nüsrət Əliyev çıxış edərək öz acı xatirələrini bölüşüb, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində oynadığı rol barədə fikirlərini diqqətə çatdırıblar.