“20 Yanvar - Zəfərə aparan yol” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
AzerTAg.az
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də İsmayıllı Rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar - Zəfərə aparan yol” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərin səbəb və nəticələrini daha dərindən öyrənmələrinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltmək, həmçinin Azərbaycan tarixinin təbliği, istedadlı şagirdlərin inşa yazı sahəsində bacarıqlarını nümayiş etdirməsindən ibarətdir.
Tədbirdə çıxış edənlər Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildiriblər. Qeyd olunub ki, Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu həm 20 Yanvar, həm də Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin qanını yerdə qoymadı.
Sonra iştirakçılara inşa-yazı müsabiqəsinin şərtləri barədə məlumat verilib.
Müsabiqədə ümumtəhsil məktəblərinin 40-a yaxın şagirdi iştirak edib. Nəticələr elan edildikdən sonra qaliblər İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunacaqlar.









Xəbərin mətnində orfoqrafik səhv var