ELM VƏ TƏHSİL
20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra bilmədi
Bakı, 19 yanvar, AZƏRTAC
Artıq 32 ildir ki, xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini yad edir. Bakının küçələrinə və meydanlarına çıxıb ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistana və keçmiş SSRİ rəhbərliyinin onları dəstəkləməsinə öz etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi ilə Azərbaycanda misli görünməmiş faciə törədildi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təkcə işğal altında olan torpaqlarımızın azad edilməsi demək deyildi, bu Zəfər həm də illər əvvəl bu torpaqlar uğrunda qan tökmüş şəhidlərimizin, sinəsini sipər etmiş qəhrəmanlarımızın ruhunun dinclik tapması, qazilərimizin ürəyinə Vətən torpağının sərin suyunun səpilməsi idi. Boynumuz bükük, başımız aşağı, şəhidlərin ruhu qarşısında utanaraq yollandığımız Şəhidlər xiyabanına artıq qürurla üz tuta bilirik. Milli iradəmizin zəfər çaldığı 20 Yanvar tarixinə düz 30 il sonra Azərbaycan Ordusunun Zəfər çaldığı 8 Noyabr tarixi ilə yeni nəfəs verdik. Bəlkə də, bir çoxlarına uzun görünən bu tarix, əslində, özündə o qanlı-qadalı hadisələri görmüş, o çətin, ağrılı günlərdə əzizlərini, yaxınlarını itirmiş, qan yaddaşı ilə böyümüş igidlər, ərənlər yetişdirdi.
Bunu AZƏRTAC-a AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Sevinc Musayeva bildirib. O qeyd edib ki, 30 il əvvəl silahsız xalqa təpədən dırnağa qədər silahlanmış, havadarlarının yardımı ilə hücum edən düşmən bu qədər acınacaqlı vəziyyətə düşəcəyini ağlına da gətirməzdi. Bu dəfə mənfur düşmənə havadarları, diləndiyi silah-sursat, “ordu”su kömək ola bilmədi. Çünki qarşısında özündən qat-qat güclü ordu, öz torpağını düşməndə qoymayacağına and içmiş bir dövlətin qisas eşqi ilə 30 illik hazırlığı, arxa-dayaq olacaq sadiq dostları və bir də güclü Lideri vardı. Bəli, 30 il öncə Azərbaycan xalqının başına gətirilən qanlı faciənin qisası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına alındı, Azərbaycanın çoxəsrlik tarixinə bu Qələbə qızıl hərflərlə yazıldı. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq, 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Bu Qələbə ilə Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi.