QAN YADDAŞI


20 Yanvar faciəsi Azərbaycanın istiqlal mübarizəsinin rəmzidir

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı apardığı ədalətsiz və qərəzli siyasətə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə amansız divan tutulduğunu xatırladıb. Qeyd olunub ki, milli azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan əhali həm də yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz edirdi. 20 Yanvar faciə kimi yadda qalsa da, əslində Azərbaycanın istiqlal mübarizəsinin rəmzidir.

Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev öz etirazını bildirib. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider keçirdiyi mətbuat konfransında bu vəhşiliyi və onu törədənləri kəskin ittiham edib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi pisləyib.

Xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, bu tarix Ümumxalq Hüzn Günü elan edilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsi zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına diqqət və qayğı göstərir. Şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardımın verilməsi, onların mənzillərlə təminatı göstərilən diqqətin bariz nümunələridir. Şəhidlər xiyabanının vahid kompleks kimi yenidən qurulması da dövlətimizin başçısının şəhidlərin ruhuna olan ehtiramının ifadəsidir.

Prezident İlham Əliyev Azərbaycan ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin – günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini əziz tutaraq, faciənin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb.

Bu gün 20 Yanvar faciəsi müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının problemlərinə də böyük qayğı ilə yanaşır. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür.

Tədbirdə 20 Yanvar hadisələrinin qurbanlarına həsr olunmuş “Şəhidlər” kitabının müəllifi, tanınmış yazıçı-publisist Rafiq Səməndər çıxış edərək həmin dövrdə şahidi olduğu hadisələr, kitabı yazarkən keçirdiyi görüşlər barədə ətraflı söhbət açıb.

Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.