QAN YADDAŞI
20 Yanvar faciəsi Azərbaycanın tarixinə qanla yazılmış bir səhifədir
Tbilisi, 17 yanvar, AZƏRTAC
İyirmi Yanvar faciəsi Azərbaycanın müstəqilliyə doğru gedən yolda tarixinə qanla yazılmış bir səhifədir.
AZƏRTAC xəbər verir ki, bu fikir Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbirində səslənib.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqə sükutla yad ediblər.
Sonra muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək keçmiş sovet imperiya qüvvələrinin 1989-cu il aprelin 9-da Gürcüstanda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törətdiyi qırğınlar barədə məlumat verib. O, Azərbaycan və gürcü xalqlarının qəhrəmanlıq tarixindən, oxşar talelərindən söhbət açıb.
“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov Azərbaycanın tarixində parlaq səhifə yazan 20 Yanvar şəhidlərinin qəhrəmanlığından, sovet ordusunun xüsusi təyinatlı dəstələrinin törətdiyi soyqırımından danışıb. O, 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verildiyini, Milli Məclisdə həmin tarixin Ümumxalq Hüzn Günü elan edildiyini xatırladıb.
Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını deyib, 20 Yanvar şəhidlərinə həsr etdiyi şeirlərini söyləyib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə 20 Yanvar və 9 Aprel faciələrinin Azərbaycan və gürcü xalqlarının eyni dərdi olduğunu bildirib, hər iki faciənin səbəb və nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
Gürcüstan İnsan Hüquqları Komitəsinin üzvü, hüquqşünas Fərhad Musayev konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız, dinc insanların vəhşicəsinə qətlə yetirilməsinin insanlığa qarşı törədilmiş qatı cinayət olduğunu bildirib.
Sonra Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, gürcü şairi David Çikovani, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşı Orxan Həsənov, Tbilisidəki Belorus icmasının üzvü Aleksey Boxodin, gənclərdən Beniamin Qasımoğlu, Kənan Baba, 73 nömrəli Azərbaycan dilli ictimai məktəbin müəllimlərindən Rahilə Hüseynova, Nailə Xəlilova və başqaları çıxış edib, 9 Aprel və 20 Yanvar faciələri barədə fikirlərini bölüşüblər.
Tədbirdə “Qanlı Yanvar” sənədli filmi nümayiş etdirilib. Sonda ehsan süfrəsi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi