REGİONLAR
20 Yanvar faciəsi müstəqillik tariximizə qanla yazılan səhifədir
Qobustan, 19 yanvar, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qobustan rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilən “20 Yanvar - Azadlığa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rayon rəsmiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “20 Yanvar – qanlı tariximiz” adlı sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Poladlı kənd klubunun müdiri Mirdiyar Məmmədyarov, şəhər mədəniyyət evinin bədii rəhbəri Könül Məhərrəmova, Ərəbşalbaş kənd klubunun mədəni təşkilatçısı Yunis Təhməzov, mədəniyyət mərkəzinin metodisti Elsevər Yolçiyev 20 Yanvar faciəsinin müstəqillik tariximizdə qanla yazılan bir səhifə olduğunu vurğulayaraq, dəhşətli hadisələrin törədilməsində əsas məqsədlər və bunun arxasında duran siyasi qüvvələr barədə danışıblar. Diqqətə çatdırılıb ki, faciənin ertəsi günü ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, qanlı hadisəni törədənlərə qarşı kəskin bəyanatla çıxış edib. Ulu Öndər Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra məhz onun təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilib.
Şəhid anası Humay Hacıyeva Vətənimizə qarşı məkrli niyyətlərin hələ də davam etdiyini, bu niyyətlərin Prezident İlham Əliyev tərəfindən vaxtında puça çıxarıldığını, 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycanın regionun ən qüdrətli ölkəsinə çevrildiyini söyləyib.
Tədbirdə məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.