QAN YADDAŞI


20 Yanvar faciəsi qurbanlarının xatirəsi İordaniyada ehtiramla anılıb

Bakı, 22 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyində anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, vaxtilə Azərbaycanda təhsil almış iordaniyalı məzunlar, ictimai xadimlər, iş adamları, mətbuat nümayəndələri, bu ölkədə daimi və müvəqqəti yaşayan azərbaycanlılar və səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Rasim Rzayev 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu bildirib. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusu tərəfindən Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş hərbi cinayətlər haqqında məlumat verib.

Diplomat Qanlı Yanvar hadisələrinin bəşəriyyətə qarşı cinayət olduğunu qeyd edib, bu faciənin cinayətkar sovet rejimi rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi olduğunu deyib. Diplomat bu faciəli günlərdə şəhid olan və yaralanan dinc sakinlərin arasında azyaşlı uşaqların, qadınların və qocaların da olduğunu diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1990-cı iI yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu cinayətkar əməllərinə qarşı sərt şəkildə etiraz edib. Qanlı Yanvar faciəsinə ilk siyasi qiymətin məhz Ulu Öndər tərəfindən verildiyini söyləyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları barədə məlumat verən səfir münaqişə ilə bağlı İordaniyanın ədalətli mövqeyinin, Xocalı soyqırımı haqqında İordaniya Senatının qəbul etdiyi qərarın Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

İordaniyanın tanınmış diplomatı və siyasi xadimi, səfir Müvəffəq Acluni, jurnalist-yazıçı və tədqiqatçı alim, İordaniya Tədqiqatlar və İnformasiya MəsIəhətləşmələri üzrə “Ərəbçilik evi”nin baş direktoru Sultan Haşim əl-Xəttab, tarixçi jurnalist, ölkəmizin İordaniyadakı səfirliyinin dəstəyi ilə ərəb dilində çap olunmuş “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” və “İordaniya-Azərbaycan əlaqələrinə dair” kitablarının müəllifi Ömər əl-Armuti tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin insanlığa qarşı törədilmiş qanlı cinayət olduğunu vurğulayıblar.

20 Yanvar hadisələri dövründə Azərbaycanda təhsil almış iordaniyalı məzunlar adından hazırda Krallığın Ümumi İşlər və Məskunlaşma Nazirliyində idarə rəisi vəzifəsində çalışan Xalid əI-Arabiyyat, informasiya texnologiyaları üzrə doktor Amir əbu Əli faciənin Azərbaycan xalqının tarixində əsarətə və zülmə qarşı şərəfli mübarizə günü kimi qalacağını qeyd ediblər, 1990-cı il yanvarın 20-də Bakıda şahidi olduqları qanlı hadisələr bərədə xatirələrini bölüşüblər, qardaş Azərbaycan xalqının mərdliyi və qəhrəmanlığı, azadlıq eşqi ilə qürur duyduqlarını ifadə ediblər.

Sonra 20 Yanvar faciəsi haqqında ərəb dilində sənədli film nümayiş etdirilib.

İştirakçılar faciənin ildönümü ilə bağlı səfirlikdə yaradılmış xüsusi fotosərgi və 20 Yanvar hadisələrinə dair materiallar ilə tanış olublar.

Tədbir şəhidlərin xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.

20 Yanvar faciəsinin 29-cu ildönümü İordaniya mətbuatında geniş işıqlandırılıb. Belə ki, səfir R.Rzayevin 20 Yanvar faciəsi haqqında mətbuata geniş açıqlaması Krallığın “Petra” Dövlət Xəbər Agentliyində, İordaniyanın əsas dövlət qəzetləri olan “Əl-Ray” və “Əd-Dustur” qəzetlərində dərc olunub, həmçinin “Orobanyus”, “Nayrouz”, “Al-Madinanyus” və “Ray əl-yaum” internet şəbəkələrində yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.