QAN YADDAŞI


20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb VİDEO

Sofiya, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda 20 Yanvar faciəsinin 30-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Mərasimdə Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkəmizin müasir tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsi haqqında məlumat verib. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrinin bir neçə istiqamətdən Bakıya yeridildiyini, 147 silahsız insanın qətlə yetirildiyini, 744 insanın yaralandığını və 841 nəfərin qanunsuz həbs edildiyini bildirib. Səfir Sovet İttifaqı Kommunist Partiyasının və hökumətinin qərəzli daxili siyasəti və M.Qorbaçovun uğursuz “perestroyka”sı nəticəsində 1980-ci illərin sonlarından Sovet İttifaqında dezinteqrasiya proseslərinin başlandığını və Azərbaycan da daxil olmaqla sovet respublikalarında milli azadlıq hərəkatlarının canlandığını qeyd edərək, SSRİ rəhbərliyinin məsələnin siyasi yolla həllinin mümkünsüz olmasının anladığını və əvəzində terrora əl atdığını və Azərbaycanda “erməni kartı”ndan məharətlə istifadə etdiyini söyləyib. O, sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddialarının və 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindən qovulmasının qarşısının alınması əvəzinə, Azərbaycanda “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısının alınması və burada yaşayan ermənilərin qorunması bəhanəsi ilə silahlı dəstələrin şəhərə yeridildiyini diqqətə çatdırıb. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” təxribat qrupunun respublika televiziyasının enerji blokunu partlatdığı, digər kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığı və beləliklə, xalq və beynəlxalq ictimaiyyətin xəbər almaq imkanından məhrum olunduğu qeyd edilib. Əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyünü, hətta təcili yardım maşınlarına hücum edildiyini vurğulayan N.Qurbanova 20 Yanvar hadisələrinin SSRİ-nin qüvvələri tərəfindən 1986-cı ildə Almatıda, 1989-cu ildə Tbilisidə və 1991-ci ildə Vilnüsdə baş tutmuş hərbi müdaxilələr arasında ən qəddarı olduğunu bildirib. “Human Rights Watch” təşkilatının 20 Yanvar zorakılığını kollektiv cəza üsulu və onun Azərbaycanın mülki şəxslərinin göstərdiyi müqavimətə uyğun olmadığı kimi qiymətləndirdiyi qeyd edilib.

Bu faciənin SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa təlimatı ilə SSRİ Müdafiə naziri Dmitri Yazov və Daxili İşlər Naziri Vadim Bakatinin rəhbərliyi altında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları və Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil edildiyi vurğulanıb. Qeyd edilib ki, faciə milliyyətindən, yaşından, cinsindən və ya sosial statusundan asılı olmayaraq silahsız insanların həyatını alıb. Onların arasında 13 yaşlı Larisa Məmmədova, 3 uşaq anası Fəridə Abbasova, yeni evlənmiş İlham və Farizə də var idi.

N.Qurbanova bu terror aktına ilk etirazın və siyasi qiymətləndirmənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq, 1990-cı il yanvarın 21-də onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirdiyini, silahsız insanların qətlində Sovet İttifaqı rəhbərliyini günahlandırdığını və faciənin törədilməsində cavabdeh olanları ifşa etdiyini deyib. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verildiyi bildirilib.

N.Qurbanova 1990-cı ildə yaşanan bu faciənin ümummilli matəm günü olması ilə yanaşı, xalqımızın müstəqillik və ərazi bütövlüyü naminə apardığı mübarizə tarixində qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib və bunun nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik əldə etdiyini diqqətə çatdırıb.

Tədbirdə CBC telekanalının dəstəyi ilə 20 Yanvar hadisələrinin xronikasını və şahidlərin ifadələrini əks etdirən “İş nömrə 2. Qara Yanvar” adlı sənədli film nümayiş etdirilib. Daha sonra bolqar musiqiçi Ani Linçeva Azərbaycan, Bolqarıstan və dünyaca tanınmış bəstəkarların klassik əsərlərini pianoda ifa edib.

Tədbirin sonunda 20 Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb. Anım mərasimi yerli KİV-də işıqlandırılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.