QAN YADDAŞI
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vyetnamda da anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycanda təhsil almış və 20 Yanvar hadisələrinin canlı şahidləri olan vyetnamlılar, Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin əməkdaşları, tələbələr, KİV nümayəndələri iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov 20 Yanvar faciəsi haqqında geniş məlumat verərək bildirib ki, keçmiş Sovet İttifaqının qoşun hissələri Bakıda dinc əhaliyə qarşı qəddarlıq nümayiş etdirib, insanlar qətlə yetirilib. Bununla Sovet İttifaqı rəhbərliyi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsini qırmağa çalışıblar. Səfir məqsədyönlü şəkildə törədilmiş bu cinayətin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini qeyd edib və 20 Yanvar tarixinin xalqımızın qəhrəmanlıq və milli birlik gününə çevrildiyini vurğulayıb.
A.İmanov xalqımızın ümummilli lideri Heydər Əliyevin hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 20 Yanvar faciəsini törədən şəxsləri kəskin şəkildə tənqid etməsini, məhz Ulu Öndərin hakimiyyəti dövründə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini diqqətə çatdırıb. Diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı barədə də danışıb.
Azərbaycanda təhsil almış və 20 Yanvar hadisələrinin canlı şahidləri olan vyetnamlılar faciə haqqında öz acı xatirələrini bölüşüblər.
Tədbirdə, həmçinin 20 Yanvar faciəsini əks etdirən fotosərgi nümayiş etdirilib.