QAN YADDAŞI
20 Yanvar faciəsi qurbanlarının xatirəsi YAP Pirallahı rayon təşkilatında anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən, həmin qanlı gecədə soydaşlarımıza qarşı törədilən cinayətin bütün vəhşətlərini çatdıran rəsm əsərləri, müxtəlif bədii kompozisiyalar tədbir iştirakçılarına nümayiş etdirilib.
Daha sonra tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx tədbir iştirakçılarına göstərilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütövlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 32 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. Natiq vurğulayıb ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada ulu öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar oldular və Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzindədir. Şəhidlərimizin qanlarının yerdə qalmaması üçün müstəqilliyimizin qədrini bilməliyik. 44 günlük Vətən müharibəsi xalqın qəlbində olan Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha sübut etdi və bu müharibədə canından keçən şəhidlərimizin, Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.