REGİONLAR


20 Yanvar faciəsi xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib

Naxçıvan, 17 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdiriblər.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər ali təhsil ocağında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar xalqımızın hüzn və qəhrəmanlıq günüdür” mövzusunda elmi konfransda ifadə edilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu elmi konfransda çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusu Azərbaycanın paytaxtı Bakı şəhərinə daxil olaraq xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törədib. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönməyib. Bu dövrdə hamının susduğu halda faciəyə ilk münasibəti xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bildirib, faciə təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, bu təcavüzün Azərbaycan xalqına qarşı ən böyük cinayət olduğunu vurğulayıb.

Konfransda universitetin Ümumi tarix kafedrasının müəllimləri - professor Vəli Baxşəliyevin “20 Yanvar ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, Zülfiyyə Mehdiyevanın “20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verilməsi” və bu ali təhsil ocağının magistrantı Könül Vəliyevanın “20 Yanvar hadisəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında vasitə kimi” mövzularında çıxışları dinlənilib.

Sonda tələbələr şəhidlərə həsr olunmuş şeirlər oxuyub və “20 Yanvar səhifəsi hüzn və qürur günümüzdür” adlı slayd nümayiş etdirilib.

Tədbir iştirakçıları universitetin tədris korpusunun foyesindən 5-ci mərtəbəsinədək düzülmüş və 20 Yanvar hadisələrini əks etdirən foto, qəzet və jurnallara da baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.