QAN YADDAŞI
20 Yanvar faciəsi xalqımızın mübarizliyini, əyilməzliyini nümayiş etdirdi
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Toplantı iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıblar.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, universitetdə davam edən tədbirdə bu ali məktəbin rektoru, professor Fərəh Əliyeva qanlı hadisələrin başvermə səbəblərindən və ağır nəticələrindən danışıb. Bildirilib ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Rektor deyib: “Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Lakin bu qanlı cinayətdən Azərbaycan xalqı öz qürurunu itirmədi, sınmadı, iradəsi qırılmadı. Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Həmin gecə Azərbaycan xalqı yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu”.
Tədbirdə universitetin şəhid məzunları Azər Ələkbərov və Vaqif Əhmədova həsr edilən “Son imtahan” filmi nümayiş olunub. Filmin ssenari müəllifi universitetin tələbəsi Minirə Qubatova, rejissoru Elşən Şirbağırovdur.
Sonra ADMİU-nun tələbə gəncləri şəhid Azər Ələkbərovun büstü önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.