REGİONLAR
20 Yanvar faciəsində yumruq tək birləşən xalqımız eyni mübarizə əzmini Vətən müharibəsində də göstərdi
Sumqayıt, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
20 Yanvar bu millətin taleyinə qanla yazılmış bir faciənin tarixidir. Sovet imperiyasının 70 illik əsarətindən qurtulmağa, öz azadlığına qovuşmağa can atan əliyalın xalq illərlə inandığı, yaradılışını bayram kimi qeyd etdiyi, övladlarını xidmət etmək üçün göndərdiyi, onu qoruyacağını zənn etdiyi qırmızı ordu tərəfindən qətlə yetirildi, Yüzlərlə şəhid verdi. Məktəblər, bağçalar, evlər gülləbarana tutuldu, küçələr qərənfil dənizinə döndü. Lakin xalqın əzmi, inamı sarsılmadı. Bu faciədən sonra xalq azadlıq mübarizəsini daha da mətnlə davam etdirərək azadlığına qovuşdu.
Bu sözləri AZƏRTAC–ın müxbirinə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnara Camaləddin söyləyib.
20 Yanvar faciəsində yumruq tək birləşən xalqımızın ötən il də eyni mübarizə əzmini göstərdiyini vurğulayan G.Camaləddin bu gücün, birliyin Vətən müharibəsinin qalibiyyəti üçün də zəmin yaratdığını deyib: “Xalq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın bütövlüyü uğrunda savaşa qalxdı. Azərbaycanın şəhər və kəndlərindən minlərlə gənc Ali Baş Komandanın çağırışına səs verərək, könüllü cəbhəyə yollandı. Bütün dünyaya Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi, xalqla dövlətin birliyini nümayiş etdirdi. Bu gün bütün dünya artıq Azərbaycanın qələbəsindən danışır, Azərbaycanın yanında olduğunu bildirərək, ölkəmizi dəstəkləyir”.