REGİONLAR
20 Yanvar faciəsinin 29-cu ildönümündə muxtar respublikamızın bütün rayonlarında şəhidlərin əziz xatirəsi ehtiramla anılıb
Naxçıvan, 21 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 29-cu ildönümündə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək, onların əziz xatirəsini yad ediblər.
Şərur rayonu
Yanvarın 20-də Şərur rayon ictimaiyyəti Qanlı Yanvar hadisələrində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlib, şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirib, Vətən övladlarının məzarlarına tər qərənfillər düzüb.
Həmin gün Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidovun Şərur şəhərindəki, Səyavuş Həsənovun Yengicə kəndindəki büstləri, Kərim Kərimovun Qarahəsənli kəndindəki məzarı da ziyarət edilib.
Dahi rəhbərin şəxsi təşəbbüsü ilə görülən tədbirlər nəticəsində bu gün şəhid məzarları müqəddəs ziyarətgahlara çevrilib, onların xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər həyata keçirilib, imzaladığı xüsusi fərmanla “20 Yanvar şəhidi” fəxri adı təsis edilib, hər bir şəhid ailəsi dövlət qayğısı ilə tam əhatə olunub.
Dahi şəxsiyyətin uzaqgörən siyasətini ardıcıllıqla və qətiyyətlə davam etdirən respublika Prezidenti İlham Əliyev də torpaqlarımızın toxunulmazlığı və müstəqilliyimiz uğrunda canlarından keçən Vətən övladlarının ailələrinə həmişə diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, müstəqil ölkəmizdə şəhidlərin xatirəsi daim uca tutulur, dövlətimiz həmişə şəhid ailələrinin yanındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli Fərmanın imzalanması bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin davamıdır. Fərmana əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsinə başlanılıb. Ötən ilin sonlarında Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzillərin təqdim olunması, 1 Çernobıl əlilinə isə “NAZ Lifan 320” markalı minik avtomobili verilməsi bir daha onu göstərir ki, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
…Qanlı Yanvar hadisələrindən 29 il ötməsinə baxmayaraq, xalqımız o müdhiş günləri daim xatırlayır, bu vəhşiliklərin təşkilatçılarına və onu törədənlərə öz dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanlarını ziyarət edir, Vətənin azadlığı və suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi dərin ehtiramla yad olunur.
Bu il də yanvar ayının əvvəllərindən başlayaraq Şərur rayonunun idarə və təşkilatlarında silsilə tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər Qanlı Yanvara gedən yola bir daha nəzər salıb, bu hadisələrin təşkilatçıları və törənmə səbəbləri barədə danışıb, ədəbi kompozisiyalar nümayiş etdirilib. Yanvarın 18-də ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.
Babək rayonu
Yanvarın 20-də muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Babək rayon ictimaiyyətinin nümayəndələri də rayon mərkəzi Babək qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına gələrək onların ölməz xatirəsinə ehtiramlarını bildirib, abidə önünə gül-çiçək düzüblər.
Onu da qeyd edək ki, müstəqilliyimizin, suverenliyimizin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda 45 babəkli şəhid olub. Bu qəhrəman Vətən övladlarının xatirəsi hər zaman dövlətimiz tərəfindən uca tutulur, şəhid ailələrinə hərtərəfli dövlət qayğısı göstərilir.
Ordubad rayonu
Yanvarın 20-də ölkəmizin hər yerində olduğu kimi, Ordubad şəhərindəki Şəhidlər xiyabanında da faciənin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından Şəhidlər xiyabanına gələrək, həzin musiqi sədaları altında şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
20 Yanvar hadisəsi zamanı Ordubad rayon sakini Rahim Vaqif oğlu Babayev də qəhrəmanlıqla şəhid olub. O zaman Bakı şəhərində təhsil alan Rahim minlərlə həmyerlimiz kimi meydanlara öz etiraz səsini ucaltmağa gəlmişdi. Düşmən gülləsi ondan da yan keçmədi, o, şəhidlik zirvəsinə ucaldı. 19 yaşı yenicə tamam olan bu vətənpərvər gəncin günahı isə ölkədə aparılan yarıtmaz siyasətə etiraz etməsi idi.
Ordubad rayonu Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda 46 şəhid verib. Uzun illər keçsə də, rayon sakinləri qəhrəman Vətən övladlarını unutmur, onların xatirəsini il ərzində keçirilən müxtəlif tədbirlərlə yad edirlər.
Culfa rayonu
Torpaqlarımızın, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizələrdə 29 culfalı da şəhidlik zirvəsinə ucalıb. Hər il olduğu kimi, bu il Culfa rayonunda da Vətən və xalq yolunda həlak olanların xatirəsi ehtiramla yad edilib.
Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün rayon mərkəzindəki Şəhidlər abidə kompleksinin yerləşdiyi yerə gəlib, abidənin önünə tər qərənfillər qoymaqla ehtiramlarını bildiriblər.
Kəngərli rayonu
20 Yanvar faciəsinin 29-cu ildönümü Kəngərli rayonunda da qeyd olunub. Həmin gün rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı naminə canlarından keçmiş qəhrəman övladlarının xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər düzərək şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Azadlığımız və ərazi bütövlüyümüz uğrunda gedən mücadilədə Kəngərli rayonundan olan oğullar da qəhrəmanlıq və şücaət göstəriblər. Belə ki, rayonun 36 igid oğlu şəhidlik zirvəsinə ucalıb. Nə qədər ki xalqımız və müstəqilliyimiz var, şəhidlərimiz də hər birimizin qəlbində yaşayacaq.
Şahbuz rayonu
Xalqımızın şan və şərəf günü olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Şahbuz rayonunda da anılıb. Şahbuz şəhərindəki Şəhidlər abidə kompleksinə gələn rayon sakinləri kompleksin önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar. Qeyd edək ki, müstəqillik, ərazi bütövlüyü kimi yüksək amallar uğrunda Şahbuzun 19 vətənpərvər övladı şəhid olub.
Bu bölgəmiz muxtar respublikanın işğalçı dövlətlə sərhəd rayonlarından biridir. Bu gün qüdrətli ordumuz tərəfindən etibarlı şəkildə qorunan Şahbuzda həmin dövrdə də mənfur erməni daşnaklarına qarşı layiqli cavab verilib. Şahbuzun igid oğullarından Mehman Orucov, Müşfiq Həsənov Naxçıvanın sərhəd bölgəsi olan Sədərəyə hücumların qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Rayonun Keçili kəndindən olan və o dövrdə Bakı şəhərində ali təhsil alan Teymur Alməmmədov isə 20 Yanvar şəhididir.
Sədərək rayonu
20 Yanvar faciəsinin 29-cu ildönümü Sədərək rayonunda da anılıb. Rayon sakinləri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət edərək Vətən yolunda qurban getmiş insanların xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan hələ 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə Sədərəyə hücuma keçdilər. Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmiş və Kərki kəndini işğal etmişdilər. Sədərək intensiv top atəşinə tutulmuş, kənddə ilk şəhidlər verilmişdi.
Ümumilikdə, mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur.
AZƏRTAC–ın Naxçıvan bürosu