CƏMİYYƏT
20 Yanvar faciəsinin 30-cu ildönümü Murmanskda geniş qeyd ediləcək
Bakı, 16 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Qəhrəman Murmansk şəhərində Azərbaycanın Ümumxalq Hüzn Gününə - 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş tədbirlər keçiriləcək. Tədbirlər Murmanskda təhsil alan azərbaycanlı tələbələr və Murmansk vilayətindəki “Azərbaycan” Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin fəalları tərəfindən təşkil edilir.
Murmansk vilayətindəki “Azərbaycan” Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, tədbirlər proqramı çərçivəsində şəhidlərin xatirəsini anım mərasimləri keçiriləcək, onların ruhuna dualar oxunacaq, fotosərgi təşkil ediləcək, filmlər nümayiş etdiriləcək. “Azərbaycan” Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının təşəbbüsü ilə yanvarın 20-də bu faciənin növbəti ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçiriləcək, Bakıdan televiziya verilişlərinə baxış təşkil ediləcək. Sahibi həmvətənimiz olan restoranda 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan veriləcək.
20 yanvar hadisələrinin 30-cu ildönümünə həsr edilmiş tədbirlərdə Murmansk vilayəti bələdiyyə və hakimiyyət orqanlarının nümayəndələri, vilayət İctimai Palatasının üzvləri, KİV təmsilçiləri, başqa ölkə və xalqların diasporlarının Qəhrəman şəhər Murmanskda yaşayan nümayəndələri iştirak edəcəklər.
Ə.Şükürov bildirib: “Həmvətənlərimiz dünya parlamentarilərinə müraciət, 1990-cı ildə Bakıda törədilmiş yanvar hadisələrinin 30-cu ildönümünə həsr edilmiş press-relizlər və məqalələr hazırlayıblar. Bu materiallar Murmansk vilayəti hökumətinin rəsmi saytında və regional KİV-lərdə dərc ediləcək”.