QAN YADDAŞI


20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Madriddə onlayn konfrans keçirilib

Madrid, 20 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Madrid Muxtar Universitetinin, İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun (FESEI), Respublika Aviatorlar Assosiasiyasının, İspaniya İpək İnstitutunun, habelə yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və tələbələr iştirak ediblər.

Konfrans zamanı əsas çıxışçı qismində söz alan Madrid Muxtar Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Xesus Xil Fuensanta 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat verərək, hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyini, 744 nəfərin ağır xəsarət aldığını bildirib.

Xüsusi olaraq vurğulanıb ki, dəhşətli qətliamdan dərhal sonra – 21 yanvar tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini kəskin ittiham edən bəyanat vermiş, bu cinayəti törədənlərin cəzalandırılmasını tələb etmişdir. Məhz ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanmışdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin – günahsız Qanlı Yanvar qurbanlarının şücaəti daim yüksək qiymətləndirilir, onların ruhuna ehtiram göstərilir. 20 Yanvar faciəsi matəm günü olmaqla yanaşı, Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü naminə apardığı mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

Konfrans zamanı 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videoçarx və fotolar nümayiş etdirilib. Onlayn konfransın iştirakçıları 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilmiş qətliamı kəskin şəkildə qınayaraq, Azərbaycan xalqı ilə həmrəy olduqlarını diqqətə çatdırıblar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.