QAN YADDAŞI
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Meksikada anım mərasimi təşkil olunub
Vaşinqton, 21 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbirdə səfir Məmməd Talıbov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyi yolunda ən mühüm dönüş nöqtəsi olduğunu bildirib, bu hadisələrin Vətənimizin tarixinin ən kədərli və eyni zamanda, ən şərəfli səhifələrindən olduğunu qeyd edib. O, Qanlı Yanvar hadisələrinin totalitar rejimin Azərbaycan xalqının müstəqillik hərəkatının boğulması və kommunist rejimi hakimiyyətinin saxlanılmasına yönəlmiş son uğursuz addımı olduğunu deyib. Bu qanlı hadisələrin səbəblərindən danışan səfir Ermənistanın ölkəmizə qarşı əsassız torpaq iddiaları, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni separatçı və şovinist qruplarının hərəkətləri, həmçinin M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli və ədalətsiz siyasəti nəticəsində Azərbaycan xalqının suverenliyi və müstəqilliyi uğrunda mübarizəyə başladığını bildirib. O, SSRİ rəhbərliyi tərəfindən insanlığa qarşı cinayət törədildiyini, sovet ordusunun tank və digər zirehli texnikadan istifadə edərək günahsız Azərbaycan xalqına qarşı amansız təcavüzü nəticəsində yüzlərlə həmvətənimizin qətlə yetirildiyini və yaralandığını diqqətə çatdırıb.
Səfir faciədən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin baş vermiş hadisələri Azərbaycan xalqına qarşı cinayət adlandıraraq buna lazımi qiymət verilməsini və həmin cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdiyini deyib. Bu hadisələrin sovet rejiminin süqutuna gətirib çıxardığını və Azərbaycan xalqının 1991-ci ildə müstəqilliyinə nail olduğunu bildirib.
Səfir, həmçinin ölkəmizin nail olduğu uğurlardan, həyata keçirilən qlobal miqyaslı layihələrdən, Azərbaycanın üzləşdiyi erməni təcavüzündən və torpaqlarımızın indiyədək işğal altında olmasından danışıb.
Sonda 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçılara ölkəmiz haqqında materiallar paylanılıb.
AZƏRTAC-ın Vaşinqton bürosu